Bakıda icra hakimiyyətinin fəhlələri arasında dava — Təfərrüat

KRİMİNAL 18 yan 2022, 13:24
Bakının Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində Emillə dava edib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zaur 16 yanvar 2021-ci ildə, saat 15.30-da ictimai yer sayılan V.Plotnikov küçəsinin kəsişdiyi yerdə ictimai qaydanə kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib. 

O, orada dayanmış zibil qutularına nəzarət edən Emilin onun yetkinlik yaşına çatmamış oğlu ilə mübahisə etdiyini görib, idarə etdiyi “Man TGS 26 360” yük markalı avtomobildən düşüb, heç bir əsaslı səbəblər olmadan Emil ilə mübahisə edib, dəmir əşya ilə onun baş nahiyəsindən bir zərbə vurub. 

İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ilin martından Bakı şəhəri İcra Hakimiyyətinin kommunal xidmətlər müəssisəsində sürücü-fəhlə vəzifəsində işləyir: “Mənim səlahiyyətimə Nərimanov rayonun 30, 36 və 37 nömrəli MKİS-in inzibati ərazisində yerləşən sarı zibil qutulardan zibili avtomobilə yığıb, Balaxanı qəsəbəsi çeşidləmə zavoduna aparmaqdan ibarətdir. Yanvarın 16-da, saat 15 radələrində yetkinlik yaşına çatmamış oğlum ilə birlikdə ü qaraja gəldim. Mənə təhkim olunmuş “Man TGS 26 360” yük markalı yük avtomobilini idarə edərək zibili yığmaq üçün əraziyə çıxdım. Həmin gün saat təqribən 15.30-da hadisə baş verən ünvana gəlmdim. Orada oğlumdan xahiş etdim ki, sarı qutularda olan zibili avtomobilə yükləməyə mənə köməklik göstərsin. Nail avtomobildən düşdü, zibil yeşiklərinə tərəf getdi. Mən isə oğlumu avtomobilə quraşdırılmış kamera görüntüsü ilə müşahidə etdim. Məişət tullantısı yığılan sarı yeşiklər yaşıl yeşiklərə bitişik qoyulduğundan oğlum sarı yeşiyi əziyyətlə, yəni ayağını digər yeşiyə dayaq verərək çıxardı. Birinci yeşiyi yerinə qoydu, digərini götürmək istəyərkən adını sonradan öyrəndiyim qutulara nəzarət edən Emil adlı şəxsin oğlum ilə əlbəyaxa olduğunu gördüm. Nəzarətçiyə yaxınlaşaraq irad tutdum. Oğluma qarşı edilmiş hərəkətlərə əsəbləşdiyimdən Emilin üstünə hücum çəkdim və yerdə olan dəmir alətlə götürərək onun baş nahiyəsindən bir zərbə vurdum. Sonra isə oğlum ilə birlikdə avtomobilə oturdum, oradan uzaqlaşaraq işimə davam etdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 18-də Emilin ondan polisə şikayət etməsi məlum olub: “Emillə aramızda mübahisə 2-3 dəqiqə davam etdi. Həmin hadisəni küçədən keçən və bizi aralayan şəxslər görüb. Törətdiyim əməldən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Emil qeyd edib ki, 2020-ci ilin martından təmizləyici vəzifəsində işləyir və Nərimanov rayonu 37 saylı MKİS-ə təhkim olunub: “Mənim vəzifəm Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən zibil qutularına atılan zibillərə nəzarət etməkdən ibarətdir. Yanvarın 16-da, saat 15.30-da təhkim olunmuş yerdə dayanaraq zibil qutularına atılan zibillərə nəzarət edərkən sarı qutulardan zibil yığan yük avtomobili gəldi. Avtomobildən düşən cavan yaşlarında fəhlə oğlan məndən zibil qutularını çıxarmaqda kömək etməyi xahiş etdi. Fəhlə oğlana kömək etdikdən sonra onun təpiklə yeşiyə zərbə vurduğunu gördüm. Bu səbəbdən ona iradımı bildirdim. Bununla əlaqədar aramızda sözlə mübahisə baş verdi. Bu zaman avtomobili idarə edən sürücü avtomobildən düşdü, nalayiq söyüşlər söyərək üstümə hücum çəkdi və mənə yumruqla zərbələr vurdu. Sürücü boynumdan tutaraq sıxmağa başladığından onun əlindən qurtarmaq üçün sürücünü sifətindən dişlədim. Sürücü məni buraxdı və avtomobildən dəmir aləti götürərək başına bir dəfə vurdu. Sonra fəhlə ilə birlikdə avtomobilə əyləşdi, oranı tərk etdilər”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat verib. 

Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılıb. Hakim Tural Ələkbərovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Hökmə əsasən, Zaurun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 4 ay 20 gün şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top