Avropa məhkəməsi Azərbaycan hökumətini cərimələdi — “Quska”ya GÖRƏ

HADİSƏ 07 mar 2019, 17:50

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş deputat, biznesmen Hüseyn Abdullayevin ona qarşı birinci cinayət işi üzrə şikayətini təmin edib.


AİHM-in məlumatında deyilir ki, H.Abdullayev 2007-ci ilin martında parlamentin digər deputatı (Fəzail Ağamalı) ilə dava edib. Sonuncu prokurorluğa şikayət edib.


H.Abdullayev cinayət məsuluyyətinə cəlb olunub və həmin ilin mayında cinayət məsuliyyətinə cəlb edilib.


2007-ci ilin avqustunda Apellyasiya Məhkəməsi videoqeydlərin yoxlanması barədə vəsatəti rədd edərək onun barəsində ittiham hökmünü qüvvədə saxlayıb. Kassasiya şikayəti də nəticə verməyib.


Həbsdən öncə H.Abdullayev bel yırtığından əziyyət çəkib, həbs zamanı ağrıları şüddətlənib. Lakin həkimlər həbsdə qalmaq üçün onun səhhətinin sağlam olduğunu bildiriblər.


H.Abdullayev 3-cü maddə (qeyri-insani və insan ləyaqətini alçaldan davranışlara qadağa) ilə hüquqlarının pozulmasından şikayət edib. O həmçinin 6-cı maddə (ədalətli məhkəmə hüququ) ilə hüquqlarının pozulduğunu hesab edib.


Onun fikrincə, məhkəmələr video sübutları araşdırmayıblar və qanunvericiliyi özbaşına tətbiq ediblər.


O 3, 5, 6, 9 və 10-cu maddələr və ölkəni tərk etmək hüququnun məhdudlaşdırılması ilə bağlı şikayətlər irəli sürüb.


Lakin AİHM H.Abdullayevin ancaq 6-cı maddə (ədalətli məhkəmə hüququ) ilə hüquqlarının pozulduğunu tanıyıb və ona 2500 avro kompensasiya ödənilməsi barədə qərar çıxarıb.


Hüseyn Abdullayev 2013-cü ildə hakimiyyətlə münaqişədən sonra Azərbaycandan gedib. Bundan sonra ona qarşı vergi ittihamı ilə cinayət işi qaldırılıb.


2018-ci il aprelin 22-də Almaniyadan Türkiyəyə gəldikdən sonra orada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.


H.Abdullayev CM-in 192.2.2 (qanunsuz sahibkarlıq), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə yolu ilə tələbetmə), 182.2.2 (həmin hərəkətlər təkrar törədildikdə, zərərçəkənə külli miqdarda ziyan vurmaqla) maddələri ilə ittiham olunub.


Fevralın 1-də müttəhimin anası Zeynəb Abdullayeva prezident İlham Əliyevə müraciət edərək oğluna qarşı mərhəmət və humanizm göstərməyi xahiş edib. O, özünün yaşlı olmasını, oğlunun səhhətində ciddi problemlərin olmasını nəzərə almağı xahiş edib.(Turan)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top