Sumqayıtda 81 yaşlı kişini öldürüb meyitini basdırdılar — TƏFƏRRÜAT

KRİMİNAL 26 apr 2024, 16:04
Sumqayıt şəhərində 81 yaşlı kişini qətlə yetirməkdə ittiham olunan Samir Abbasovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra isə onun apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. 

İttihama görə,2022-ci il sentyabrın 14-də Sumqayıt şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

İstintaqla zərərçəkmişin tanışı, 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar zamanı Samirin taxta ustası olması müəyyənləşib. O, Nadir Rzayevin tikdirdiyi evdə mərtəbələrarası pilləkən hazırlanması sifarişini götürüb və həmin ərəfədə işə başlayıb. Lakin daha sonra tərəflər arasında ödənişə görə mübahisə yaranıb. Nəticədə Samir Abbasov 81 yaşlı kişini küt əşya ilə vuraraq öldürüb. O daha sonra hadisə yerindən uzaqlaşıb və bir gün sonra geri qayıtdıqda N.Rzayevin nəşinin evdə qaldığını görərək onu həyətdə basdırıb.

Nadir Rzayevin yaxınlarının ondan xəbər ala bilməməsindən sonra polisə müraciət edilib. O, itkin şəxs kimi axtarılarkən evində usta tərəfindən öldürülməsi və həyətdə basdırılması məlum olub. Qətlə yetirildikdən təxminən 20 gün sonra N.Rzayevin basdırıldığı yer tapılıb.

Samir Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Abbasov 16 il müddətinə azadlıqdan mərhum edilib.

Hökmdən Samir Abbasov narazı qalıb. O, apellyasiya şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Apellyasiya şikayəti üzrə məhkəmə baxışı mayın 2-ə təyin olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top