Bakıda 42 yaşlı kişi azyaşlı oğlunu danladı, arvadını isə... — TƏFƏRRÜAT

KRİMİNAL 06 may 2024, 18:30
Bakının Sabunçu rayonunda 1982-ci il təvəllüdlü Vəli ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu həyat yoldaşı Sevilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 28-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. 

Vəli yaşadığı evdə övladı Yunisi danlayarkən Sevilin müdaxilə etməsi səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun baş və bel nahiyələrindən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. o bildirib ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi evdə ailəsi ilə birgə yaşayıb: “Sevil ilə təxminən 15 il öncə qeyri-rəsmi ailə həyatı qurmuşuq. Bu nikahdan Yunis adlı bir azyaşlı övladımız olub. Son vaxtlar dərslərini yaxşı oxumadığı və məktəbdə özünü yaxşı aparmadığı üçün fevralın 28-də, təxminən saat 13 radələrində Sevil Yunisi dərsdən evə gətirdikdə onu danlamağa başladım. Həmin zaman Sevil müdaxilə etdikdə aramızda mübahisə yarandı. Mübahisə zamanı qəzəblənərək qəsdən onun baş və bel nahiyələrindən bir neçə dəfə yumruqla zərbələr vurdum”.

İş üzrə zərərçəkmiş Sevilin sözlərinə görə, əri Vəli ilə mütəmadi olaraq müxtəlif səbəblərdən mübahisələr yaşanıb: “Oğlum orta məktəbin 1-ci sinfində oxuyub. Hadisə günü, təxminən saat 13 radələrində Yunisi dərsdən evə gətirdikdə Vəli oglumuzu dərslərini yaxşı oxumadığı və özünü yaxşı aparmadığı üçün danlamağa başladı. Müdaxilə etdikdə isə Vəlinin yaşadığımız bir otaqlı evdə mübahisəmiz yarandı. Mübahisə zamanı Vəli qəzəblənərək qəsdən baş və bel nahiyələrimdən ardıcıl bir neçə dəfə zərbələr vurdu”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vəli 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 22.00-dan səhər saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top