"Anama zəng edərək onu təhqir etməyimi istədi, mən də..." — TƏFƏRRÜAT

KRİMİNAL 26 apr 2024, 13:05
Sumqayıt şəhərində 1997-ci il təvəllüdlü Nurlan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səmaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Yaşma Bağları yaşayış massivində baş verib. Nurlan yaşadığı fərdi evdə arvadı Səma ilə aralarında ailə münaqişəsi zəminində baş vermiş münaqişə zamanı onun başına və sifətinə əli ilə vuraraq xəsarət yetirib.

Hadisəni törədən Nurlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2021-ci il tarixdə ailə qurub, birgə nikahlarından bir övladları var:  “Mənim qayınanamın müdaxiləsi nəticəsində Səma ilə aramızda mübahisələr baş verdi. Hadisədən bir neçə gün qabaq qayınanam xəstə olduğunu, yaşaya bilmədiyini deyərək qızını, yəni Səmanı yanına çağırdı. Mən də yoldaşımın uşaqla birlikdə getməyinə icazə vermədim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 12 radələrində yaşadıqları evdə olan zaman həyat yoldaşı Səmanı yataq otağında ağladığını görüb və nə baş verdiyini soruşub: “O da anasının yanına getmək istədiyini dedi. Bu zaman aramızda mübahisə baş verdi. Mübahisə zamanı əlim ilə iki dəfə Səmanın sifətindən vurdum. Daha sonra qayınanama zəng edərək mənim ailəmi dağıtdığını dedim və evdən çıxıb getdim"

İş üzrə zərərçəkmiş Səma ifadəsində deyib: “Nurlanla birgə yaşadığımız gündən münasibətlərimiz yaxşı olmayıb. Nurlan mənim anam ilə əlaqə saxlamağımın qarşısını alır. Məni dəfələrlə hədələyib. Hadisə baş verən günü, saat 12 radələrində Nurlan yaşadıqları evdə həmişəki kimi mübahisə yaratdı. Məni nalayiq ifadələrlə söyüb təhqir etdi. Hətta anama zəng edərək onu təhqir etməyimi istədi. Mən də anama zəng etdim. Lakin ağladım, ona heç nə deyə bilmədim. Ona görə də Nurlan yataq otağında məni təhqir etdi, döyməyə başladı. Nurlan əlləri ilə bədənimin müxtəlif nahiyyələrinə vurdu, mənə xəsarət yetirdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin isə ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Nurlanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top