“Ermənilərin təxribatına qarşı Azərbaycan lazımi addımları atacaq” — AÇIQLAMA

GÜNDƏM 26 apr 2024, 20:30
Qazaxın dörd kəndinin qaytarılması ilə bağlı Azərbaycanla Ermənistan arasında razılıq əldə edilib. Buna baxmayaraq Tavuşda ermənilər etiraz edir, müharibəyə çağırışlar edirlər. Ermənilərin etirazları və təxribatçı hərəkətləri fonunda Azərbaycan hansı addımı atmalıdır?

Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, dörd kəndin Azərbaycana qaytarılması müsbət qarşılanmalıdır:

“Həmçinin bu hadisə sülh, təhlükəsizlik, sabitlik yönündə böyük irəliləyiş deməkdir. Əsas məqam bundan ibarətdir ki, vasitəçilər olmadan birbaşa danışıqlar yolu ilə məsələ həll olunub. Lakin bir qrup sakinin əldə olmuş razılığa qarşı çıxması və etiraz nümayiş etdirməsi sülhə kölgə salır. Təxribatlar da baş verə bilər. Əldə olunan razılıqları sıfıra endirmək məqsədi qarşıya qoyulmuş ola bilər. Lakin bu reallaşmayacaq. Çünki əldə olunan razılaşma və kəndlərin qaytarılması sülhün xeyrinədir. Şübhəsiz ki, sülhü qəbul etməyən qüvvələr də var. Onlar qızışdırmaq işləri ilə məşğuldurlar. Çalışırlar ki, siyasi təxribatları genişləndirsinlər. Ona görə də bu təxribatlar fonunda Azərbaycan da müvafiq addımlar atacaq. Bizim üçün önəmli olan odur ki, məsələlər sülh və danışıqlar yolu ilə həll olsun. Bu, ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda da Prezident İlham Əliyev tərəfindən də bir daha vurğulandı. Ümid edirəm ki, danışıqlar yolu ilə bütün məsələlərin həllinə nail ola biləcəyik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top