“MTK-lar və vətəndaşlar bir-birilərinə problem yaradırlar” — Narazılıqların həlli üçün TƏKLİF

GÜNDƏM 26 apr 2024, 19:39
Paytaxtda sürətli yenidənqurma prosesi gedir. Köhnə binalar yeniləri ilə əvəz olunur, məhəllələrin yerində şəhərciklər salınır. Lakin bəzən sakinlərlə mənzil tikinti şirkətləri arasında narazılıqlar baş verir, şikayətlər məhkəməyə qədər gedib çıxır.  

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, söküntülər iki formada aparılır. Dövlət söküntüsü zamanı vətəndaşların əmlakı qiymətləndirilir, onlara bazar dəyərindən 20 faiz artıq kompensasiya verilir. Ekspert Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu söküntülər məcburi xarakter daşıyır, bu zaman bina tikilmir, yollar, körpülər salınır, infrastruktur layihələri icra olunur:

“Amma köhnə çoxmənzilli binalar, yaxud həyət evlərinin sökülməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi olmalıdır. Bu rəy binanın, mənzilin qəzalı vəziyyətdə olmasına dair verilir. Nazirliyin rəyi olmadan söküntüyə icazə verilmir. Bina qəzalıdırsa, yenidən tikintisi ilə bağlı bütün sənədlər toplusu toplanılır, daha sonra sakinlərlə danışıq aparılır. Onlara yeni binadan mənzil verilən günədək kompensasiya olaraq kirayə pulu verilir. Yeni binanın tikintisi başa çatdıqda isə vətəndaşa həmin binadan yeni təmirli mənzil verilir. Bu proses təxminən 2-3 il çəkir. Bəzən ər-arvad boşanır, ev bölünür ki, çıxarış alınsın. Və  yaxud da söküntü ərəfəsində bəziləri gedib evinin sənədini böldürür. Sakinlərin bir hissəsi isə evini tərk etməyə razı olmur. Tikinti şirkəti sakinlərin bir hissəsi ilə razılaşır, köçmək istəməyən sakinlərsə məhkəməyə müraciət edir. Məhkəmə işi də bir ilə qədər çəkə bilir. Bu proses yubandıqca tikinti şirkəti digər sakinlərə artıq pul verməli olur, sakinlərin yeni mənzilə köçməsi uzanır. Nəticədə şirkət vədini yerinə yetirə bilmir”.

E.Fərzəliyevin fikrincə, bu cür problemlərin yaranmaması üçün sakinlərlə danışığı tikintiyə icazə verən səlahiyyətli qurumun nümayəndəsi aparmalıdır. Ekspert vurğulayıb ki, vətəndaşa yeni mənzilə hansı tarixdə köçəcəyi ilə bağlı zəmanət verilməlidir:

“Bakının yeni Baş planı təsdiq olunub. Gələcəkdə bütün qəzalı binalar söküləcək. Lakin bu prosesin sürətlə getməsi üçün maneələr var. Bu da şirkət və vətəndaşların bir-birilərinə problemlər yaratmasıdır. Düşünürəm ki, ortada narazılıqların olmaması üçün tikintiyə icazə verən səlahiyyətli qurumun nümayəndəsi də sakinlərlə danışıqda iştirak etməlidir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top