Gündəm

Deputat: “Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinin davamı kimi böyük bir rəmzi məna daşıyır”

Deputat: “Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinin davamı kimi böyük bir rəmzi məna daşıyır”

“14 yanvar tarixi qardaş Azərbaycan və Türkiyə respublikaları arasında ikitərəfli münasibətlərin qurulmasında xüsusi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, iki ölkə arasında diplomatik münasibətlərin bünövrəsi Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıması ilə başlamışdır. 1992-ci ilin 14 yanvar tarixində isə diplomatik münasibətlərimiz bərpa edilmişdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Deputat vurğulayıb ki, bu il iki ölkə arasında münasibətlərin bərpa edilməsinin 30 illiyidir:

Deputat: “Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinin davamı kimi böyük bir rəmzi məna daşıyır”

“Bu illər ərzində ölkələrimiz arasında diplomatik münasibətlər, ümumiyyətlə strateji mütəffiqlik səviyyəsinə yüksəlmişdir. Türkiyə-Azərbaycan münasibətləri elə bir dövrə qədəm qoymuşdur ki, burada artıq təkcə rəsmi qurumların deyil, həm də xalqlarımızın, insanlarımızın bir-birindən ayrılmaz bağlarından, əlaqələrindən söhbət gedir. Qeyd edim ki, Türkiyə 44 günlük müharibə zamanı da Azərbaycanın daim yanında oldu. Həmçinin, mənəvi və diplomatik dəstəyini bizə ən yaxşı şəkildə təqdim etdi. Hesab edirəm ki, xüsusilə 44 günlük müharibənin müvəffəqiyyətli nəticəsindən sonra bizim qardaşlığımıza, münasibətlərimizə heç bir kənar qüvvələr istəsələr belə xələl gətirə bilməzlər, kölgə sala bilməzlər. Çünki bu münasibətlər elə münasibətdir ki, bunlar elə bir şəkildə bir-birinə bağlıdır ki, hansısa bir şəkildə ona təsir göstərmək qeyri-mümkündür”.

T.Gəncəliyev əlavə edib ki, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsinin göstəricisidir:

“Tarixdə ilk dəfə Türkiyə dövlət başçısı Azərbaycanın Qarabağ bölgəsinə, Şuşaya səfər etdi və Azərbaycan prezidenti ilə bir yerdə tarixi Şuşa Bəyannaməsi məhz Şuşada imzalandı. Bu bəyannamənin əhəmiyyəti həqiqətən də çox vacib xarakter daşıyır. Çünki Şuşa Bəyannaməsi ilə qardaş ölkələr arasında münasibətlərin yeni bir mərhələsi, dönəmi başladı. Şuşa Bəyannaməsi 100 il əvvəl imzalanmış tarixi Qars müqaviləsinin davamı kimi böyük bir rəmzi məna daşıyır. 100 ildən sonra azad edilmiş Şuşa şəhərində mütəffiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək fəaliyyətimizi göstərir. Bəyannamədə bildiyiniz kimi, bir çox məsələlər beynəlxalq müstəvidə əməkdaşlıqdan başlamış, siyasi, iqtisadi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman gənclərlə bağlı bütün sahələr əhatə olunur. Xüsusilə də, Türkiyə və Azərbaycan münasibətlərinin təhlükəsizlik istiqamətindən xüsusi bir əhəmiyyəti ondan ibarətdir ki, hər iki ölkə bir-birinin yanında olduqlarına, bir-birinin təhlükəsizliyinə, suverenliyinə təhdid olacağı təqdirdə birgə hərəkət edəcəklərinə bəyan etdilər. Bu da bizim münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Bu, həm düşmənlərə, həm Azərbaycan-Türkiyə münasibətlərini istəməyənlərə bir mesajdır. Həm də Türkiyə-Azərbaycan münasibətlərinə birgə ümumiyyətlə, regiondan kənar qlobal səviyyədə iş birliyinin göstəricisidir ki, bu da bizim münasibətlərimizin bir daha çox sıx, çox əhəmiyyətli dərəcədə inteqrasiya olduğunun göstəricisidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az