Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, yanvarın 10-u Moskva vaxtı ilə saat 05:00-da Şimal Donanmasının Mahnı və Rəqs Ansamblı Rusiya sülhməramlı kontingentinin bütün hərbçilərini təbrik etməklə Dağlıq Qarabağa Yeni il qastrol səfərini başa vurub. Bildirilir ki, Rusiya ordusunun bəhs edilən ansamblı Əsgəran şəhəri, Xocalı, Xocavənd, Ağdam, Tərtər və Kəlbəcər rayonlarının bir hissəsində məskunlaşmış bütün erməniləri təbrik edib. Kollektiv həmçinin Xankəndindəki internat məktəbində keçirilən humanitar aksiyaya da qatılıb.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə gələn gündən konsert verir.
Deputatın sözlərinə görə, əslində onlar Rusiya sülhməramlı kontingenti deyil, Rusiya hərbi kontigentidir: “Bünövrədən demişəm ki, heç vaxt onları sülhməramlı kimi qəbul etmirəm. Sadəcə olaraq, onlar Rusiyanın hərbi kontingentidir və müəyyən dövrdə, müvəqqəti bizim ərazimizdə yerləşiblər. Göründüyü kimi, onlar ermənilərlə həmrəylik nümayiş etdirirlər və onlara şərait yaradırlar. Təbii ki, burada əsas məqsədləri ermənilərin orada yenidən möhkəmlənməsini, güclənməsini təmin etmək və bununla da, Azərbaycana qarşı böyük təhlükə yaratmağa çalışırlar. Onların məqsədləri budur, ayrı məqsədləri yoxdur. Rus sülhməramlıların orada olması da, bu münaqişə ocağının daimi fəaliyyətdə olmasını saxlamaq üçündür, onu söndürmək üçün deyil”.
Millət vəkili qeyd edib ki, rus sülhməramlıları ərazilərimizə daxil olduqları gündən bəri onlara aid olan missiyanı kökündən pozublar: “Onlar gəldikləri ilk gündən Azərbaycan qanunlarını pozmaqla, Azərbaycan qanunlarına hörmətsizlik etməklə məşğuldurlar. Erməninin törətdiyi müharibədən sonra, qaçıb, ora-bura dağılmış, səpələnmiş cinayətkar erməniləri təzədən yığıb, gətirib Qarabağ ərazisində, Xocalıda yerləşdirirlər. Bundan başqa, Xocalıda provaslav kilsəsi tikirlər, rus icması yaradırlar. Bir sözlə, ağıllarına gələni edirlər. Qeyd edim ki, Azərbaycanda rus icması var. Bizim hörmətli deputat həmkarımız Mixail Zabelin də o icmanın rəhbəridir. Xatırladım ki, Azərbaycanda başqa icmalar da var, yəni milli azlıqların icmaları.
Sual yarana bilər: “Qarabağ Azərbaycandan ayrı ərazidir ki? Sənin ixtiyarındadır ki, sən gəlib orada yenidən özbaşına Azərbaycan qanunlarına pozaraq, heç bir söz soruşmadan, icazə almadan bunu edirsən? Nə qədər rus var ki, orada sən rus icması yaradırsan?”. Bu məsələnin bir tərəfi. Digər tərəfi, rus sülhməramlıları 30 ildən artıqdır Azərbaycan ərazisində yaradılmış, fəaliyyət göstərən və bu gün də mövcud olan terrorçu, separatçı qurumla əməkdaşlıq edir. Ermənistan dövlətinə məxsus silahlı birləşmələrlə, quldur dəstələri ilə, qeyri-qanuni silahlılarla əməkdaşlıq edirlər. Onları himayə edirlər, təlimlər keçirlər, səngərlər qazdırırlar, müdafiə sistemləri yaradırlar. Biz hələ bilmirik Laçın dəhlizindən onlar burada olduqları bir ildən artıq müddətdə nə qədər silah-sursat daşıyıb, onları təmin ediblər. Bütün bunların hamısı qanuna zidd hərəkətlərdir. Cinayətkarlar Azərbaycan ərazisinə istədikləri vaxt gəlirlər, gedirlər. Bunlardan heç nə soruşan yoxdur. Biz Fransadan və Rusiyadan filankəs gəldi, arzuolunmaz şəxsdir deyə qara siyahıya salırıq. Axı, bu qara siyahıya düşən şəxsləri kim buraxır? Kim bunları müşahidə edib, gətirib, aparıb? Təbii ki, rus hərbçiləri”.
E.Məmmədov hesab edir ki, rus sülhməramlılarının bütün fəaliyyətləri Azərbaycan qanunlarının pozulması istiqamətinə yönəldilib: “Mən hesab edirəm ki, bütün bunlar qəbulolunmazdır. 10 noyabr 2020-ci il sənədində açıq-aydın yazılıb ki, bu hərbi kontingent Laçın dəhlizində gediş-gəlişin, təhlükəsizliyini təmin etmək üçündür. Ancaq, bu gün onlar Azərbaycanın keçmiş Dağlıq Qarabağ deyilən ərazisinin perimetri boyu onlarla özlərinin postlarını yaradıblar. Ağdərə rayonu Laçın dəhlizidir? Xeyr, ancaq orada da bunların postları var. Bunlar gələndən bütün qanunları pozub istədiklərini edirlər, eləməkdə də davam edirlər. Yaxın vaxtlarda cənab Prezidentimiz Vahid Rusiya partiyasının sədri Dmitri Medvedevə etiraz məktubu göndərdi. Onların partiyasından olan deputatın icazəsiz gəlib, oradan başından yekə qələtlər eləməsi ilə bağlı. Yəni, bunların yaramazlıqları saysız-hesabsızdır. Təbii ki, bu da bizim, hamımızın, bütün Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olur”.
Aynurə Pənahqızı Demokrat.az


