Xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən xəritədə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan kəndi, "Madagiz" adıyla Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil edilib. Qeyd edək ki, bu tip xətalara dəfələrlə yol verilib və Azərbaycan tərəfinin xəbərdarlığından sonra problem öz həllini tapıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Rusiya Müdafiə Nazirliyi son zamanlar həddini aşır.
Ekspert qeyd edib ki, ətrafımızda baş verən hadisələr onu deməyə əsas verir ki, rus sülhməramlıları düzəlmək istəmir: “Əvvəla bu etdikləri hərəkətə görə, Rusiya tərəfində bir vicdan, həya olmalıdır. Təbii ki, bu birinci dəfə deyil və dəfələrlə təkrar olunub. Hər dəfə də, bu məsələ Azərbaycan tərəfindən onlara xəbərdarlıq ediləndən sonra bunlar öz səhvlərini düzəltməyə başlayıblar. İndi də Rusiya Müdafiə Nazirliyinin Suqovuşanı öz nəzarət altında olan ərazi kimi göstərməsi, əlbəttə ki, növbəti təxribatdır və bunun başqa adı yoxdur. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə xəbərdarlıq edib və hər dəfə də, guya texniki səhv olduğu bildirilir. Ümumiyyətlə, Rusiya Müdafiə Nazirliyi son zamanlar həddini aşır. Azərbayan prezidenti və Müdafiə Nazirliyi əgər rəsmi olaraq Xankəndi deyirsə, “Stepanakert”, Qarabağ deyirsə bunlar “Dağlıq Qarabağ” yazırlar. Bunlar hətta, həyasızlıq edib Tərtər rayonun Qafanlı kəndini də öz marşrutlarına əlavə etmişdilər. Bir sözlə, ətrafımızda baş verən hadisələr onu deməyə əsas verir ki, Rusiya “sülhməramlıları” düzəlmək istəmirlər. Onlar bölgəyə gələndə tamam başqa niyyətlə gəlmişdilər. Artıq yerləşəndən sonra etdikləri hərəkətlər hər birimizdə qıcıq yaradır”.
Ü.Cəfərov əlavə edib ki, rus sülhməramlıları 10 noyabr 2020-ci il bəyanatını yerinə yetirmək, orada separatçı qurumu ləğv eləmək əvəzinə, separatçı qurumu bir az da bəsləyir və onlara lazım olan köməyi edir: “Təsəvvür edin ki, bunlar hətta separatçılarla bir yerdə dini bayramlarını həyata keçirtdilər. Rusiyanın bir balaca abır-həyası olmalıdır. Yəni, bunlar nə istəyirlər? Hesab edirəm ki, Azərbaycanın rəsmi adlarını, rəsmi ərazisini xəritələrində cızma-qara eləməklə, bir növ beyinə yerləşdirmək istəyirlər. Onlar istəyirlər ki, biz yorulaq və əşi yazırlar da deyək. Sonra da desinlər ki, bu xəritədə vaxtı ikən belə göstərilib. Bunların məqsədi, məramı budur. Bir şeyi unutmayaq ki, 44 günlük Vətən savaşında Azərbaycan Silahlı Qüvvələri Ermənistanda Rusiya istehsalı olan ən müasir texnikalarını sıradan çıxardı. Bunu da heç vaxt Rusiya həzm etməyəcək və həzm etmək də istəmir. Bunlar özlərini “sülhməramlı” mələk kimi göstərsələr də, bunların içərisi xain, xofla doludur. Rusiya Müdafiə Nazirliyinin son hərəkəti bir də onu deməyə əsas verir ki, onlarda qisas, nifrət hələ də davam edir. Azərbaycan tərəfi bunlarla sərt danışmalıdır. Əgər biz Moskvaya, Sankt-Peterburqa “dəlixana”, “donuzxana” yazsaq xoşlarına gələr? Nə var adı onu göstərmək lazımdır! Bu, biabırçılıqdır. Rusiya Müdafiə Nazirliyi hansısa özəl təşkilat deyil, bu, Rusiya Federasiyanın rəsmi qurumudur. Ona görə də, Azərbaycan əraziləri necə varsa elə göstərilməlidir”.
Aynurə Pənahqızı Demokrat.az


