Gündəm

Deputat: “Narkotik qəbul edərək avtomobil idarə edənlərə qarşı mübarizə güclənməlidir”

Deputat: “Narkotik qəbul edərək avtomobil idarə edənlərə qarşı mübarizə güclənməlidir”

“Çox təəssüf ki, son zamanlar bəzi sürücülərin narkotikdən istifadə edərək avtomobili idarə etmə halları çoxalmışdır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyd edib ki, qəzaların çoxalmasının və bəzi sürücülər tərəfindən qeyri-etik davranışlar etməsinin bir səbəbi də budur:

“Ona görə də, xüsusilə narkotik vasitələri qəbul edərək avtomobili idarə edənlərə qarşı mübarizə güclənməlidir. Belə şəxslərə qarşı mübarizənin aparılması üçün qanunvericilikdə kifayət qədər cəza tədbirləri nəzərdə tutulmuşdur. Qanunvericilikdə bu məsələ ilə bağlı hər hansı əlavənin edilməsinə və dəyişikliyin edilməsinə ehtiyac görmürəm. Düzdür, yol polisi tərəfindən müxtəlif yerlərdə fərqli vaxtlarda reydlərin keçirildiyini və qəfil yoxlamaların aparıldığını izləyirik. Amma bütün sürücüləri yoxlamaq və onun narkotik və ya alkoqol təsiri altında olub olmadığını müəyyənləşdirmək çətindir. Yoxlamalar zamanı belə hallar müəyyən olunduqda dərhal tədbir görülür”.

Millət vəkili bütün yükün yol polisi əməkdaşlarının üzərinə qoymağı düzgün hesab etmir:

“Vətəndaş iştirakçılığının olmasını vacib hesab edirəm. Əgər vətəndaş hər hansı bir sürücünün narkotikin təsiri altında olaraq avtomobili idarə etdiyini müşahidə edərsə, özü bir başa dərhal polisə məlumat verməlidir. Bir çox ölkələrdə belə ictimai mübarizə məsələləri öz həllini tapmışdır. Düşünürəm ki, hamımız belə neqativ hallara qarşı mübarizəyə qoşulsaq və lazım gələn yerdə öz vətəndaşlıq borcumuzu yerinə yetirsək cəmiyyətin də xoşagəlməz problemləri azalar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az