Gündəm

“Bu əməliyyat Azərbaycan ordusunun çox uğurlu əməliyyatlarından biri kimi tarixə yazıldı” — FOTO

“Bu əməliyyat Azərbaycan ordusunun çox uğurlu əməliyyatlarından biri kimi tarixə yazıldı” — FOTO

“1994-cü ildə Azərbaycan ordusu ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında çox genişmiqyaslı və uğurlu hərbi əməliyyatlar keçirdi. Həmin əməliyyatlarda Horadizlə bərabər, çox sayda Füzuli rayonunun yaşayış məntəqələri erməni işğalından azad olundu. Eyni zamanda, bir faktı qeyd edim ki, Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı da işğaldan azad olunmuşdu. Ancaq Cocuq Mərcanlının yaxınlığındakı ərazilər, yüksəkliklər ermənilərin nəzarəti altında olduğu üçün orada yaşayış mümkün deyildi və orada cəmi bir ailə yaşayırdı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, tarixən Horadiz çox mühüm bir mərkəz kimi formalaşmışdır:

“Bir çox cənub rayonlarının dəmiryolu stansiyaları, mərkəzləşmiş bazalardan yükdaşımalar məhz oradan istifadə olunurdu. Həmçinin Horadiz İranla sərhədimizdir. Ümumiyyətlə, Horadizin və onun ətrafında olan kəndlərin işğaldan azad olunması o dövrdə söndürülmüş ümidləri dirçəldi. Hamıda ordunun gücünə, qabiliyyətinə, cəsarətinə inam yarandı. Bu əməliyyat Azərbaycan ordusunun çox uğurlu əməliyyatlarından biri kimi tarixə yazıldı. Yəni, ordunun döyüş qabiliyyəti, orduda birlik, vahid komandanlıq özünü Horadiz əməliyyatında göstərdi və təsdiq elədi. Elə həmin tarixdən Azərbaycan ordusu dirçəlməyə başladı. Horadiz bizim dayaq nöqtəmiz oldu. Qeyd edim ki, 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlarımız zamanı Horadiz və onun ətrafı istinad nöqtələrimiz oldu. Hərbi hissələrimiz, bazalarımız hər şey sanki mərkəz kimi oradan idarə olunurdu. Hesab edirəm ki, Azərbaycan hərb tarixində Horadiz əməliyyatı şanlı və uğurlu bir səhifə kimi qalacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az