Türkiyənin Müdafiə Naziri Hulusi Akar “Hürriyyet” qəzetinə müsahibəsində Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inandığını deyib.
Məsələni Demokrat.az-a şərh edən politoloq Cümşüd Nuriyev deyib ki, Zəngəzur dəhlizinin açılması ehtimalı çox böyükdür. Politoloq qeyd edib ki, bu dəhlizin açılması kommunikasiya baxımından daha çox Rusiyaya lazımdır:

“Bilirsiniz ki, Hulusi Akar kifayət qədər çox ciddi bir adamdır, həm də Türkiyə dövlətinin düşünən beyinlərindəndir və Türkiyənin gələcəyini proqnozlaşdıranlardan biridir. Ona görə də, onun dediklərində bir həqiqət var. Birincisi, Zəngəzur dəhlizinin açılması tək Azərbaycanın, Rusiyanın, Türkiyənin marağında deyil, eyni zamanda Ermənistanın da marağındadır. Son zamanlar Nikol Paşinyan da bununla bağlı pozitiv fikirlər söyləyir. İkincisi, Brüsseldə Azərbaycan prezidenti Zəngəzur və Laçın dəhlizini bərabərləşdirməklə, onları eyni statusa gətirməklə, birmənalı şəkildə həm Rusiya, həm də Ermənistana mesaj verdi ki, əgər Zəngəzur dəhlizi açılmayacaqsa, Laçın dəhlizi də bağlanacaq. Laçın dəhlizinin bağlanması isə o, deməkdir ki, Rusiya sülhməramlılarının ümumiyyətlə, Azərbaycan ərazisində qalmasına heç bir ehtiyac yoxdur. Bu, Rusiyanın da maraqlarına uyğun deyil. Bilirsiniz ki, Ermənistana Rusiyanın təsir imkanları böyük olduğuna görə, Zəngəzurun açılması ehtimalı çox yüksəkdir. Üçüncüsü, hal-hazırda Putinlə Ərdoğanın münasibətləri həddən artıq yaxşıdır və müsbət istiqamətdə inkişaf edir. NATO üzvü olan bir dövlətlə Rusiyanın yaxınlaşması, indiki zamanda Rusiyanın dünyaya açılan yeni “nəfəs”liyidir. Bu, o, deməkdir ki, Türkiyə bu məsələdə maraqlı olduğuna görə, Rusiya da maraqlıdır. Bu dəhlizin açılması kommunikasiya baxımından daha çox Rusiyaya lazımdır, nəinki Türkiyə və Azərbaycana. Çünki Rusiyanın Avropaya çıxışı burdan bağlandığına görə, o məcburdur ki, yeni bir çıxış axtarsın. Bu dəhliz həm Türkiyə üzərindən Avropaya açılır, eyni zamanda, İran üzərindən də Fars körfəzinə çıxır. Yəni, əvvəllər 15-20 günə gedilən yolu iki günə qatarla Rusiya uzağı 3 günə bu məsələləri həll edə bilər. Ona görə də, Zəngəzur dəhlizinin açılması mümkündür”.
Politoloq diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bir çox bəyanatlar imzalanıb:
“Bununla bağlı bəyanatlar imzalanıb, ayrıca Brüsseldəki bəyanatında da bu, öz əksini tapıb. Ola bilər ki, sərhədlərin delimitasiya ilə bərabər Zəngəzur dəhlizinin açılması da olar. Sülh müqaviləsinin bağlanmasına gözləməyə ehtiyac qalmır, çünki sülh müqaviləsini uzadıla bilər. Ona görə də, mütləq bu, addımlar atılmalıdır. Qeyd edim ki, Hulusi Akar çox ciddi bir siyasətçidir, baxmayaraq, hərbçidir və kifayət qədər informasiyalı olan bir insandır. Ona görə də, Zəngəzur dəhlizinin açılması üçün ilkin razılığın olmasından sonra artıq, 2022-ci ili əməli fəaliyyətə keçmə ili kimi qəbul etmək lazımdır”.
Aynurə Pənahqızı Demokrat.az


