“Bu il bir çox hadisələrlə yadda qaldı. Azərbaycan üçün isə siyasi baxımından ən mühüm hadisə “Şuşa Bəyannaməsi” nin imzalanması idi. 15 iyun- Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. 28 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, 2021-ci ilin bu günü isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək yeni bir mərhələyə qədəm qoydu”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hicran Hüseynova deyib. Deputat bildirib ki, ən böyük hadisələr sırasında Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasını təsdiqləyən 2020-ci ilin noyabr 10-da imzalanmış Bəyanatdan, sonra üç tərəfli görüş çərçivəsində bu ilin 11 yanvar Moskva, 26 noyabr Soçi və 14 dekabr Brüssel görüşlərində imzalanan Bəyanatlar oldu:
“Təbii ki, bu sənədlərdəki bəndlər Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Cənab Prezidentin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. Bu gün Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik. Azərbaycan həm də etibarlı, strateji tərəfdaşdır. İstər Avropa, istər region dövlətlər, istərsə də, nüfuzlu beynəlxalq təşkilatlar bunu çox yaxşı dərk edir və bu baxımdan da müəyyən addımlar atır və post-konflikt reallığına uyğun davranış göstərir”.
Hicran Hüseynovanın sözlərinə görə, dövlətimizin yürütdüyü xarici siyasət çoxspektrlidir:
“Azərbaycan müxtəlif dövlətlərlə həm ikitərəfli, həm çox tərəfli əməkdaşlıq edir. Beynəlxalq təşkilatlar çərçivəsində aktiv və çevik fəaliyyət göstərir, regional layihələrə açıqdır və bütün hallarda beynəlxalq norma və prinsiplərə sadiq olduğunu bəyan edir. Bu isə dövlətimizin, onun rəhbərinin nüfuzunu artırır və bəslənən etibarı daha da gücləndirir. Əlbəttə ki, yadda qalan siyasi hadisələrdən biri də noyabrın 12-də Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirillməsi oldu. 44 günlük Vətən Müharibəsinin yaratdığı yeni reallıqlardan biri də biz türk dövlətləri arasındakı birliyin daha da güclənməsi və yeni platformaya keçməsidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında Qərarın qəbul olunması da fikirlərimizi bir daha təsdiq edir. Birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır. Hələ 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə cənab Prezident İlham Əliyev demişdi ki, “1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq”. Zəngəzur dəhlizi həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. Xüsusi olaraq ölkə başçısı İlham Əliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsini qeyd etmək istərdim. Qarabağın azad edilməsi işində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyi töhfələrimə görə təltif olunan Prezident İlham Əliyev bu mükafatı bütün Azərbaycan xalqına verilmiş mükafat kimi qəbul etdi, dəyərləndirdi. Bunun özü də bir rəmzi məna daşıyır”.
Millət vəkili qeyd edib ki, xüsusilə də Böyük Qayıdışın təmin olunması istiqamətində görülən işlər, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, burada həyata keçirilən geniş miqyaslı layihələr, Şuşa yolunun, Zəfər yolunun açılması, Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılış mərasiminin keçirilməsi, işğaldan azad olunmuş ərazilərin nümayəndələri ilə Ölkə başçısı İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın görüşləri, şəhər və rayonların Baş Planların hazırlanması və təsdiq edilməsi bütün bunlar yola saldığımız ilin ən mühüm hadisələridir”.
Aynurə Pənahqızı Demokrat.az


