“Həm 2020-ci, həm də 2021-ci il Azərbaycan xalqı, dövləti üçün yaddaşlarda qalan bir olacaq. Bilirsiniz ki, 2020-ci ildə bütün dünya pandemiyanın ağır şərtləri altında mübarizə apardı. Normal həyatdan fərqli bir həyat yaşadıq. Bəlkə də, dünya insanını danışdırsaq, 2020-ci il haqqında unutmaq istədiyini deyər. Lakin dünyada yeganə xalqıq ki, məhz 2020-ci il bizim ölkəmizin, vətənimizin, xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı və biz böyük zəfər qazandıq. Təbii ki, 2021-ci il də 2020-ci ilin uğurlarının ardını gətirən il kimi yaddaşlarda qalacaq”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, yola saldığımız ildə çox önəmli tarixi hadisələrin şahid olduq:
“İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində böyük abadlıq, quruculuq işləri görüldü. Cənab Prezidenin rəhbərliyi altında ordu quruculuğu da sürətlə davam etdi, o cümlədən iqtisadi cəhətdən bir çox məsələlərdə ölkəmiz yenə də dünya reytinqində irəlilədi. Bütün çətinliklərə baxmayaraq, biz Qarabağ bölgəsində “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrini həyata keçirməkdəyik. Həmçinin, Füzuli beynəlxalq hava limanını 8 ay ərzində tikib, inşa etdik. Deyərdim ki, dünyada bəlkə də, bu sürətlə tikilən və istifadəyə verilən ikinci bir hava limanı yoxdur. Hazırda bir neçə hava limanının tikintisi də davam edir. Bu il də Qarabağ bölgəsində böyük obyektlərin, tunellərin, yol tikintisinin bünövrəsini qoyduq və bir neçəsini istifadəyə verdik. Bir çoxunda isə hazırda inşaat işləri davam etdirilir”.
Vüqar İskəndərov diqqətə çatdırıb ki, cənab Prezident bu il diplomatik meydanda da qələbələrini davam etdirdi:
“Cənab Prezidentin Soçidə, Moskvada, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər də diplomatik uğurlarımız sırasındadır. Biz bununla 44 günlük Vətən müharibəsindəki hərbi qələbəmizi diplomatik qələbəyə çevirdik. Bundan başqa, car ildə Şuşa Bəyannaməsinin imzalanması da tarixi uğurlarımızdan biridir. Bu, Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının zirvəsi adlandırılmalıdır”.
Deputat vurğulayıb ki, Azərbaycan, Türkiyə və Pakistan parlamentinin sədrlərinin imzaladığı "Bakı Bəyannaməsi" də çox böyük uğurlarımızdandır:
“Deyərdim ki, parlament diplomatiyası çox böyük uğurla inkişaf etdi. İnanıram ki, bu proses davamlı və dayanıqlı olacaq. Ümumiyyətlə, 2021-ci il quran, tikən bir azərbaycanlı obrazı ilə dünyada tanınmağa başladı. Qoşulmama Hərəkatındakı sədrliyimiz də uğurla davam etdi. Azərbaycan prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi iclası çağırıldı və bu, ölkəmizin önəminin və ölkə başçımızın böyük, siyasi lider olduğunun əyani təzahürüdür. İnamla söyləyə bilərik ki, 2021-ci il çox böyük uğurlarla yadda qalan bir il oldu. Bizi 2022-ci və digər qarşıdakı illərdə də çox böyük uğurlar və qələbələr gözləyir”.
Aynurə Pənahqızı Demokrat.az


