Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Mahir tanışı Səfəri bıçaqlayıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 10-da, saat 23 radələrində rayonun Anaşkin küçəsi 148 nömrəli orta məktəbə qalxan avtomobil yolunun yaxınlığında yerləşən boş sahədə baş verib.
Mahir həmin ərazidə əvvəllər tanıdığı Səfərin onun ünvanına nalayiq sözlər işlətməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı əlbəyaxa olarkən özündə olan bıçaqla Səfərin qarın boşluğundan bir dəfə vurub.
İstintaq orqanı tərəfindən Mahirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Səfəri uşaqlıqdan tanıyır: “Həm yaxın qonşu olmuşuq, həm də bir məktəbdə oxumuşuq. Hadisəyə qədər aramızda mehriban münasibət olub. İyunun 10-da yaşadığım evdə axşam yeməklə spirtli içki qəbul etdim. Həmin gün saat təxminən 22.30-da məhəlləyə çıxdım. Məhəllədə gəzişərkən avtopark deyilən ərazinin yolunda təsadüfən məhəllə uşaqlarımız olan Səfər və Şahinlə rastlaşdım. Həmin vaxt onların da içkili olmasını bildim. Bir qədər söhbət etdikdən sonra Şahin bizdən aralandı, su almaq üçün mağazaya getdi. Səfərlə aramızda zarafatlaşdıq, söhbət edən zaman sözlərimiz çəp gəldi, Bu vaxt Səfər əli ilə boynumdan tutdu və “böyümüsən” deməklə ünvanıma nalayiq sözlər işlətdi. Onun bu hərəkəti xoşuma gəlmədi. Bir-birimizin köynəyindən tutaraq əlbəyaxa olduq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Səfərlə görüşərkən meyvə doğramaq üçün istifadə etdiyi cib bıçağı təsadüfən həmin vaxt üstündə olub: “Səfəri özümdən aralamaq üçün bıçaqla onun qarın nahiyəsindən bir dəfə zərbə vurdum. Səfəri bıçaqla vurmaqda məqsədim qorxutmaq olub. Səfər vurduğum zərbədən yaralandı və hadisə yerindən aparıldığı 3 saylı şəhər kliniki xəstəxanasında əməliyyat olundu”.
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmişlə barışıb, onun müalicəsinin xərci ailəsi tərəfindən tam ödənilib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.
Mahirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Mahirin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Fariz Məlikli Demokrat.az


