Hazırda Azərbaycan xalqı tarixin ən yaddaqalan şərəfli günlərini yaşayır. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və strateji rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu otuz ilə qədər bir dövrdə həsrət qaldığımız, mənfur qonşumuz tərəfindən işğal edilmiş Qarabağdakı əraziləri düşməndən azad edərək bizə qələbə sevincli günləri bəxş etmişdir. Əlbəttə, bu ərazilərin Azərbaycan xalqı üçün tarixi-mədəni əhəmiyyəti hər hansı iqtisadi dəyərlərindən xeyli dərəcədə üstündür. Fərəhlə qeyd etmək olar ki, işğaldan azad olan ərazilər zəngin iqtisadi potensiala malikdir və bu ərazilərin bütünlükdə ölkə iqtisadiyyatına inteqrasiyası əsasında yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin ərazilərin bərpası üçün çəkdiyi bütün maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Əminliklə qeyd etmək olar ki, işğaldan azad edilən ərazilərdə yaradılacaq əlverişli biznes mühiti, mikro, kiçik və orta sahibkarlığın formalaşması qeyri-neft sektorunun dinamik inkişafına əsaslı təkan vermiş olacaq. Bəs, Azərbaycanın işğaldan azad edilən ərazilərində sahibkarlığın inkişaf üçün hansı işlər görülməlidir?
Suallımızı cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov "Demokrat.az"a açıqlamasında bildirib ki, birinci növbədə həmin ərazilərdə təhlükəsizlik mühiti bərqərar olunmalıdır. Ekspert qeyd edib ki, bununla bağlı kifayət qədər işlər gedir:
“Sözsüz ki, ikinci mərhələdə infrastrukturların çəkilməsidir, təbii ki, bununla bağlı da ən azından işıq, su və qaz çəkilişləri istiqamətində işlər həyata keçirilir. Əsasən də, yol və işıq, elektrik təminatı vacib məqamlardan biridir. Bundan sonra, əlbəttə ki, plana uyğun inkişaf proqramı həyata keçirilməlidir. Bəli, sahibkarların əslində bu ərazilərdə iştirakı üçün demək olar ki, bütün şəraitlər yaradılır. Ancaq, hesab edirəm ki, ilk növbədə hansısa işlərin görülməsində tenderlər elan olunmalıdır. İlk növbədə, yerli sahibkarların bu qəbildən elan olunacaq işlərinin həyata keçirilməsində yerli rezidentlər mövcuddursa, şübhəsiz ki, ilk növbədə onları cəlb etmək lazımdır. Yəni, bu biznesin stimullaşdırılmasına geniş şərait yarada biləcək bir anlayışdır. Sahibkarların gələcəkdə dayanıqlı inkişafına çox münbit şərait yaradılmalıdır. Bununla yanaşı, hazırda ölkə rəhbərliyi tərəfindən bu ərazilərdə fəaliyyət göstərən şirkətlərin vergilərdən azad olunmasına, orada görüləcək işlərdə idxal olunan məhsulların gömrük rüsumlarının azad edilməsi kimi təkliflər irəli sürülüb. Əlbəttə ki, bütün bunların hamısı işğaldan azad edilən ərazilərdə sahibkarlığın inkişafına şərait yarada biləcək məqamlardır”. 
“Əlbəttə ki, qısa zaman kəsiyində bunları iqtisadi dövriyyəyə cəlb etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın kifayət qədər təcrübəsi var. Son 20 ildə müxtəlif bölgələrdə biz bu qəbildən olan fəaliyyətlərlə gündəmdəyik. Bir şeyi də nəzərə almaq lazımdır ki, Sovetlər dövründə daha çox kənd təsərrüfatına bu regionlarda üstünlük verilirdisə, ancaq o dövrdə geoloji kəşfiyyat xidmətləri kifayət qədər kəşfiyyatlar aparmışdır və işğaldan olunanadək artıq orada zəngin təbii sərvətlərimiz informasiya fondunda depolanmışdır. Bu günləri də, biz o fonddakı məlumatlardan qaynaqlanaraq, zəngin sərvətlərimizin iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində mühüm işlər görürük. Bununla bağlı bilirsiniz ki, Araz vadisində sənaye məhəlləsinin yaradılması, bununla yanaşı, Ağdam Sənaye parkının yaradılması ilə bağlı artıq təməl işləri görülüb, sərəncamlar verilib. Artıq bu işlər gedir. Qısa zaman kəsiyində hesab edirəm ki, digər bölgələrimizdəki olan praktikamızı da burada rahatlıqla tətbiq edə biləcəyik”.
İqtisadçı əlavə edib ki, müstəqillik dövrümüzdən bu yana sahibkarlığın inkişafında kifayət qədər zaman itirmişik:
“2015-ci ildən sonra ölkə rəhbərliyi tərəfindən müxtəlif fərman, sərəncam, qeyri-neft sektorunun inkişafına dair bu sahədə olan sahibkarlığın inkişafına dair hərtərəfli dəstək verilmişdir. Yəni, kifayət qədər həm qanunvericilik bazasında, eyni zamanda, yerli icra hakimiyyət orqanları tərəfindən dəstək verilir. 2020-ci il pandemiya dövrü olmaqla, 2021-ci ilə keçidlə bu sahibkarlıq məktəbində mühitin daralmasına, problemli günlər yaşamasına şərait yaratdı. Bu, əslində bizdə deyil, bütün dünyada yaşandı. Ancaq, bir məsələ də var ki, hazırda post-pandemiya dövrünə qədəm qoyuruq. Əlbəttə ki, sahibkarlığa dəstək tək sənəd üzərində deyil, eyni zamanda icra mexanizmi olan hərəkətlərlə yadda qalmalıdır. Çünki nəzərə almaq lazımdır ki, kifayət qədər hələ bazarımızda bizim rəqabətyönümlü mühitimiz yoxdur. Ayrı-ayrı inhisar mexanizmləri bazarın tam açılmasına imkan yaratmır, boğulur. Bu da öz növbəsində sağlam rəqabət olmadığı halda, sahibkarlar bir-bir sıradan çıxırlar, yəni, rəqabətə dözə bilmirlər. Bu gün bu problemlər kənd təsərrüffatı sektorunda istəsək də, istəməsək də var. Bu gün kənd təsərrüfatına sektorunda kifayət qədər vətəndaşlar sahibkarlıq fəaliyyətinə başlayır. Amma müəyyən dövrdən sonra eşidirsən ki, filankəs müflisləşərək bu sahədən kənarlaşıb. Çünki sağlam rəqabət yoxdur, məhsulu rahatlıqla topdan, yaxud pərakəndə məntəqələrinə çatdıra bilmir. Müxtəlif baryerlər yaradılır, qiymət əmələgəlmə siyasətində tamamilə rəqabət apara bilmirlər. Nəticə etibarilə oyundan çıxmış olurlar. Beləliklə də, o, sahibkar kimi fəaliyyətini dayandırır və statistik məlumat da sahibkarın neqativ halla üzləşməsi ilə rastlaşırıq. Bu nöqteyi-nəzərdən ilk növbədə iqtisadiyyatın tam liberallaşması istiqamətində sağlam rəqabətin bərqərar olması istiqamətində addımlar atılmalıdır. Əlbəttə ki, keçərli olsa, düşünürəm ki, qısa zaman kəsiyində sahibkarlıq sinfinin orta və kiçik hissəsinə dəstək veriləcək. Bu istiqamətdə işlər görülməlidir, dayanmaq olmaz. Çünki neqativ hallar hələ kifayət qədərdir”.
İqtisadçı-ekpsert Pərviz Heydərov isə saytımıza açıqlamasında bildirib ki, ölkədə sahibkarlığın inkişafı ilə bağlı dövlət tərəfindən müvafiq siyasət həyata keçirilir. İqtisadçının sözlərinə görə, ildən-ilə də bu siyasətin istiqamətləri genişləndirilir:
“Etiraf etmək lazımdır ki, ölkədə sahibkarlığın inkişafı üçün dövlət və hökumət tərəfindən zəruri olan bütün addımlar atılır. Bütün bunlar həm maliyyə istiqamətində, həm qanunvericilik, həm də təşviq sahələrində, istiqamətlərində özünü büruzə verir. Qanunvericilik sahəsində ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, ümumiyyətlə, sahibkarlığın inkişaf etdirilməsi üçün son illər ərzində çox böyük işlər həyata keçirilmişdir. Buna uyğun olaraq da, hökumət tərəfindən müvafiq icranın təmin edilməsi sahəsində çox mühüm addımlar atılmışdır və atılmaqda davam etdirilir. Ümumiyyətlə, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üçün istər maliyyə dəstəyi sahəsində, istər qanunvericilik dəstəyi sahəsində hökumətimiz və dövlətimiz tərəfindən bütün mümkün zəruri vasitələr, addımlar, tədbirlər həyata keçirilir və bunlar ildən-ilə daha da geniş xarakter daşıyır. Təsadüfi deyil ki, bir sıra beynəlxalq maliyyə təşkilatları və qurumları tərəfindən bizdə sahibkarlığın inkişafı üçün hökumətin gördüyü tədbirlər, atdığı addımlar yüksək qiymətləndirilir. Biz bu sahədə dünya ölkələri sırasında tutduğumuz mövqeyimiz daha da yaxşılaşdırılır. Bununla belə, çatışmayan cəhətlər də var, bunlar da təbiidir. Xüsusən də, inhisarçılıq amilinin mövcud olması, rəqabət imkanlarının məhdud xarakter daşıması və sairə ölkədə sahibkarlığın inkişafı sahəsində dövlətin gördüyü tədbirlərin daha effektiv nəticə verməsinə müəyyən maneələr törədir”. 
“Burada sahibkarlığın inkişafı üçün çoxlu imkanların və potensialın olduğu bəyan edilir, bu, həm də real xarakter daşıyır. Həmin ərazilərdən sahibkarlığın inkişafını təmin etmədən o bölgəmizdə hazırda həyata keçirilən yenidənqurma və bərpa işlərinin strateji baxımdan daha mühüm effektiv xarakter daşımasına nail olmaq mümkünsüzdür. Hər şey bilavasitə o bölgədə də, yaxın müddətdə sahibkarlığın inkişafından asılıdır, xüsusən də, kiçik və orta sahibkarlığın. Lakin işğaldan azad olunan ərazilərimizdə sahibkarlığın inkişafından danışarkən, əlbəttə ki, digər bölgələrdəki imkanlardan, mövcud mühitdən, şəraitdən çox da fərqlənməməlidir. Düzdür, müəyyən işğal olunan ərazilərdə məşğulluğun təmin edilməsini daha tez bir zamanda əldə etmək üçün bəlkə də, digər regionlardan fərqli olaraq, müəyyən güzəştlər olmalıdır. Misal üçün, Şərqi Zəngəzur bölgəsində bu bölgənin aid olduğu müvafiq iqtisadi region üçün müəyyən güzəştlər sisteminin olması təbii sayılmalıdır və bu, mütləq təmin olunmalıdır. Ümumillikdə, sahibkarlığın inkişafı ümumi hökumətin həyata keçirdiyin siyasətin başlıca məğzini, prioritetini təşkil edir. Burada həyata keçirilən tədbirlərin, atılan addımların daha effektiv xarakter daşıması üçün başlıca hədəf olaraq inhisarçılığın aradan götürülməsi, rəqabət şəraitinin geniş bir şəkildə təmin olunması mütləq dərəcədə vacib sayılır. Hesab edirəm ki, sahibkarlığın inkişafında əsas məqsəd də məhz bundan ibarət olmalıdır”.
Aynurə Pənahqızı
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


