“Bu il hər şeydən öncə 44 günlük müharibədəki zəfərimizin nəticələrinin, eləcə də, qələbə ilə bölgədə yaranmış milli maraqlarımıza və beynəlxalq hüquqa cavab verən yeni reallığın qorunması baxımından mühüm dövr oldu”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat qeyd edib ki, cari il Azərbaycan üçün çox uğurlu il oldu:
“Qarşıya qoyulan məqsədlər və ilin sonunda əldə edilən nəticələr fonunda hesab edirəm ki, 2021-ci il Azərbaycan üçün elə əhəmiyyətli bir tarixi dövr olub ki, onu ayrı-ayrı hadisələr fonunda qiymətləndirmək insafsızlıq olar. Yuxarıda da qeyd etdiyim kimi, bu il bizim üçün sınaq ili idi, yəni, bütün dünyanın gözü Azərbaycanda oldu ki, biz zəfərimizin nəticələrini qoruyub saxlaya biləcəyik, ya yox? Azərbaycan bu sınaqdan nəinki üzüağ çıxdı, üstəlik, cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin sonucunda yaranan yeni hərbi-siyasi reallığın nəticələrinin daha da möhkəmlənməsinin, əvvəllər bu nəticələri qəbul etmək istəməyənlərin vəziyyətlə barışmağa başladığının şahidi olduq. Bu mənada Qarabağ və Şərqi Zəngəzurda sürətli quruculuq və bərpa prosesinin başlanması, beynəlxalq investorların bu proseslərə cəlb edilməsi, iri layihələrin, məsələn, Füzuli hava limanının təməlinin qoyulması və cəmi 9 aydan sonra onun açılışının edilməsi, Zəfər yolunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrdə Azərbaycanın istəyinə uyğun ilkin razılığın əldə olunması kimi məsələləri xüsusi qeyd etməliyik. Habelə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” festivalı, Vaqif Poeziya günlərinin təşkil edilməsi xüsusi qeyd oluna bilər”.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, 11 yanvar və Soçi görüşləri, Brüssel təmasları, habelə erməni təxribatlarının qarşısının qətiyyətlə alınması fonunda Azərbaycanın diqtə edən dövlət kimi regionda mövqeyinin güclənməsi xüsusi mühüm tarixi proseslərdir: “Burada, xüsusi olaraq Azərbaycan Silahlı Qüvvələri sistemində başlanan islahatlar, ordu quruculuğuna yeni baxış, müdafiə sənayesi sahəsində nəzərəçarpacaq uğurlar bu ilin vacib hadisələri kimi qeyd edilməlidir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, habelə, BMT strukturlarında Azərbaycanın beynəlxalq təşəbbüslərinin reallaşması, cənab İlham Əliyevin liderliyində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin formalaşması kimi məsələlər fonunda rəsmi Bakının artıq qlobal oyunçu kimi qəbul edilməsi çox vacib nüanslardır. İlham Əliyevin “hücum siyasəti” doktrinasının uğurla icrası, xüsusən, bu sahədə Parlament hakimiyyətinin rolunun nəzərə çarpacaq dərəcədə aktivləşməsi, Parlament diplomatiyası sahəsində çox köklü addımları da xüsusi qeyd etmək istəyirəm”.
“Pandemiyanın ilk dövründə iqtisadiyyata dəyən zərbənin nəticələrinin aradan qaldırılması, iqtisadi sabitliyin və artımın təmin olunması, ciddi sosial xarakterli proqramların reallaşması, pandemiyanın nəticəsi kimi bir sıra məhsulların, xüsusən ərzağın qlobal bahalaşması tendensiyası fonunda Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması tədbirləri baxımından 2021-ci il uğurlu il oldu. Atılan sosial xarakterli addımlar sırasında cənab Prezidentin 25 yanvar 2021-ci il Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamını xüsusi qeyd etmək istərdim. Bu istiqamətdə başlanan işlər bu il xatırlayacağımız vacib hadisələrdəndir, lakin sözümün əvvəlində qeyd etdiyim kimi, biz bu proseslərə vahid və tam kimi yanaşmalı, ümumi rakursdan qiymətləndirməliyik. Eyni zamanda, fevral ayında Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşməsi, inkişaf perspektivləri üzrə çox ciddi yol xəritəsinin müəyyən olunması ilin vacib hadisələridir. 2021-ci il həmçinin, ölkədə milli həmrəyliyin, hakimiyyət və xalq birliyinin qorunması üçün vacib dönəm oldu. Cənab Prezidentin 60 illik yubileyində cəmiyyətdə müşahidə olunan coşqu, sevgi bu birliyi, həmrəyliyi bir daha nümayiş etdirdi”, -deyə, deputat əlavə edib.
Aynurə Pənahqızı Demokrat.az


