“2021-ci il 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanımızın başqa bir müstəvidə, diplomatik platformada əldə etmiş olduğumuz uğurların hüquqi baxımdan rəsmiləşdirilməsi prosesi kimi yadda qaldı. Başqa sözlə desək, 2020-ci ilin 10 noyabr tarixində qazanılan tarixi qələbəni cənab Prezident hüquqi müstəviyə keçirərək, bu qələbəni təsbit etdi və Ermənistanın ardıcıl, ən müxtəlif, hiyləgər manevrlərinə baxmayaraq, onun məğlub ölkə kimi Azərbaycanın diqtə etdiyi reallıqlara uyğun olaraq, digər sənədləri də imzalanmasına məcbur etdi. Beləliklə, 2021-ci ilin yanvarında və dekabrında həm Soçidə, həm də Brüsseldə keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər, Ermənistanın daha ağır və zəlil durumda olduğunu göstərdi. Bu isə öz növbəsində Azərbaycan diplomatiyasının şanlı qələbəsi kimi tarixə düşdü”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Deputat qeyd edib ki, bu il Azərbaycan bütövlükdə Qarabağda suverenliyin təmin olunması, sərhədlərimizin Ermənistanla müəyyənləşməsi, xüsusi olaraq da, “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı demək olar ki, bütün hüquqi addımları atıb və bunlar rəsmi şəkildə təsbit olunub: “Təbii ki, bunun müəllifi birmənalı olaraq Prezidentimiz Cənab İlham Əliyevdir. Digər tərəfdən, dövlət başçımızın rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işlərinə start verilib. Sirr deyil ki, heç bir ölkənin, heç bir donor dövlətin və beynəlxalq təşkilatların maliyyə köməyi olmadan öz imkanlarımızla, yəni uzun illər boyu Cənab Prezidentin həyata keçirmiş olduğu iqtisadi və maliyyə siyasəti nəticəsində əldə etmiş olduğumuz və ehtiyat fondumuzda yığılan valyutamızla bu gün məhz işğaldan azad edilmiş rayonlarımızın bərpasına və quruculuq işlərinə ardıcıl, sistemli və böyük sürətlə tətbiq etməklə bu prosesi aparmaqdayıq. Qısa zamanda, “Azərenerji” ASC ən çətin relyeflərdən, qışın şaxtasına, soyuğuna baxmayaraq böyük aşırımlardan Kəlbəcərə, Laçına, Şuşaya, Qubadlıya, Zəngilana, Cəbrayıla, bütövlükdə Qarabağa elektrik enerjisinin verilməsi ilə bağlı çox təsəvvür olunmaz bir fədakarlıq göstərmişdir. Eyni fədakarlığı biz “Azəryolservis” ASC, "Azərbaycan Dəmir Yolları" QSC və “Azərsu” ASC-yə şamil edə bilərik. Adlarını çəkdiyim qurumlar peşəkar fəaliyyətləri nəticəsində artıq ciddi töhfələrini verib və verməkdə də davam edir. Həmçinin, Füzulidə 6 ay ərzində beynəlxalq səviyyəli hava limanın tikilib başa çatması və istifadəyə verilməsi, o cümlədən hazırda Zəngilanda, Laçında yeni beynəlxalq səviyyəli hava limanlarının açılması ilə bağlı da işlər həyata keçirilməkdədir. Xüsusi olaraq, “Zəngəzur dəhlizi”nə gedən avtomobil yolunun hər birimizin böyük sevgisi olan və Türk dünyasının tanınmış liderləri Tayyib Ərdoğanın və Cənab Prezidentimizin birgə açmış olduğu Horadiz və Zəngilan avtomobil yolunun təməl qoyma mərasimində iştirakı, təbii ki, ən mühüm hadisələrdən biri kimi yaddaşlara yazıldı və Azərbaycan tarixinə düşdü. Beləliklə, 2021-ci il azad edilmiş tarixi torpaqlarımızda quruculuq, bərpa işlərinin çox sürətlə və uğurla aparıldığı il kimi də tarixləşdi”.
Partiya sədri vurğulayıb ki, bu il Cənab Prezident əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm sərəncamlar və fərmanlar da imzaladı: “Xalqımızın həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı Cənab Prezidentimiz bu günlərdə ardıcıl fərmanlar, sərəncamlar imzaladı. Qeyd edim ki, əmək haqlarının və pensiyaların artırılması, eyni zamanda şəhid ailələrinə, birinci Qarabağ müharibəsi əlillərinə göstərilən diqqət və qayğı, onların əlavə vəsaitlə, maliyyə ilə təmin olunması ilə bağlı imzalanmış fərmanlar, heç şübhəsiz ki, Cənab Prezidentin hər zaman Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsinin öndə saxlamağının yeni bir nümunəsi kimi diqqəti cəlb etməkdədir. Ümumiyyətlə, 2021-ci il bütün mənalarda Azərbaycan üçün uğurlu il oldu. Cənab Prezidentimiz ölkənin Birinci vitse-prezidenti Mehriban xanımla bərabər bütün bu proseslərə rəhbərlik edərək, ölkəmizi yeni inkişaf səviyyəsinə çıxartdı. 2021-ci il həm də 44 gündə qazanmış olduğumuz qələbənin məntiqi nəticəsi kimi regionun reallığının dəyişdiyini bütün dünyaya nümayiş etdirdi. Bu baxımdan da, biz 2021-ci ili uğurlu il kimi böyük məmnuniyyətlə yola salıb, 2022-ci ildə bu uğurların davamı olacağına əminliyimizi ifadə edə bilərik”.
Milli Məclisisn deputatı diqqətə çatdırıb ki, 2021-ci ildə həm iqtisadi sahədə, həm də vergi sistemində bir sıra islahatlar aparılmış və bunlar hazırda özünün müsbət nəticələrini göstərməkdədir: “Dekabr ayında Cənab Prezidentin uşaq bağçalarının Təhsil Nazirliyinə verilməsi ilə bağlı imzaladığı sənəd də hər birimizin diqqətini və rəğbətini qazanan islahatlar sırasında oldu. Yəni, uzun illər boyu Azərbaycanın İcra hakimiyyətinə tabe etdirilən uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə verilməsi son dərəcə önəmli bir hadisə kimi diqqəti cəlb etdi. Təhsil sistemində proseslərə daha operativ rəhbərlik etmək, ortaya çıxan problemləri tezliklə həll etmək və neqativ cəhətləri aradan qaldırmaq üçün regional idarələrin yaradılması da, bu baxımdan təhsil sistemində aparılan islahatların tərkib hissəsidir. Heç şübhəsiz ki, bu istiqamətdə aparılan islahatlar da özünün müsbət təsirini və töhfələrini verəcək. Bütün sahələrdə artıq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, güclənməsi prosesi gedir. Əlbəttə, bu, Azərbaycanın həm regionda, həm də beynəlxalq səviyyədə nüfuzunun artırılmasının göstəricisi kimi qiymətləndirilməlidir. Bildiyimiz kimi, bu gün 44 günlük qələbəmizin memarı, dünya səviyyəli siyasətçi və dövlət xadimi, dünyanı dəyişən strateq, mahir diplomat və ölkəmizin rəhbəri İlham Əliyevin 60 illik yubileyidir. Mən bütün platformalarda Cənab Prezidentimizi təbrik etmişəm. Həm şəxsən onun ünvanına məktub imzalamışam, həm də xüsusi bir məqalə ilə çıxış etmişəm. Fürsətdən istifadə edərək, Ana Vətən Partiyası və ailəmin adından Cənab Prezidenti bir daha təbrik edirəm. Ona, ailəsinə, doğmalarına, əzizlərinə möhkəm cansağlığı arzulayıram. Cənab Prezidentə olduqca mürəkkəb, lakin şərəfli missiyasında uğurlar diləyirəm”.
Aynurə Pənahqızı Demokrat.az


