Gündəm

Deputat: “Yeni qanun Azərbaycanda medianın tənzimlənməsinə gətirib çıxaracaq”

Deputat: “Yeni qanun Azərbaycanda medianın tənzimlənməsinə gətirib çıxaracaq”

“İlk olaraq qeyd edim ki, illər öncə “Kütləvi informasiyalar haqqında” Qanun qəbul olunmuşdu. Bu qanun qəbul olunandan sonra onlayn media, internet, kabel televiziyalar, yerüstü və peyk yayımları ortaya çıxdı. Yəni, bu sahədə rəqəmsal olaraq xeyli inkişaf getdi. Təbii ki, “Kütləvi informasiyalar haqqında” Qanun da bu tələblərə cavab vermirdi. Buna görə də, yeni qanuna ehtiyac var idi”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat qeyd edib ki, yeni qanun dünyada, internet aləmində və rəqəmsal dünyada baş verən bütün məsələlərinin xeyli hissəsini özündə cəmləşdirir:

"Yəni, yeni qanunda bu kimi məsələlər öz əksini tapıb. Düşünürəm ki, yeni qanun Azərbaycanda medianın, o cümlədən yeni medianın, onlayn medianın həm qanun çərçivəsində fəaliyyət göstərməsinə, həm fəaliyyətinin tənzimlənməsinə, həm də onların “Media haqqında” qanunla tənzimlənməsinə gətirib çıxaracaq. Qeyd edim ki, qanunla bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri media qanunun məhdudlaşdırıcı olduğunu söyləyirlər. Amma, qeyd etməliyəm ki, mən bir neçə dəfə ictimai müzakirədə iştirak etdim. Müzakirələrdə xeyli sayda, təxminən 50-60 tanıdığım media kapitanlarını gördüm. Onların əksəriyyəti yeni media qanunun haqqında yaxşı fikirlər söylədilər, əsaslandırdılar. Bəzi məqamları söylədilər ki, bunlar dəyişilsə, çıxarılsa, düzəlişlər edilsə yaxşı olar. Təbii ki, oxunuşlar zamanı həmin dəyişiliklər edildi. Bu baxımdan hesab edirəm ki, ümumillikdə, media bu qanundan razı qaldı. Çünki orada xeyli gözəl mütərəqqi məsələlər var. Amma təbii ki, hər bir qanun yüz faiz hər bir kəsi razı sala bilmir və dünyada da belə bir məsələ yoxdur. Kimlərsə qanundan razı qalır, kimlərsə daha çox dəyişiliklik istəyir, kimlərsə daha mütərəqqi olmasını istəyir”.

Deputat əlavə edib ki, hər kəsin yeni qanundan razı olması məsələsi ümumiyyətlə, mümkünsüzdür: “Ümumiyyətlə, media da istəyər ki, elə bir qanun olsun ki, bu qanunla onlar daha sərbəst fəaliyyət göstərə bilsinlər. Amma, hər bir məsələdə, hər bir hüquqda da müəyyən tənzimləmələr, məhdudiyyətlər olmaldır. Hüquq azadlığı, demokratiya və s. dedikdə kimin nə istəyir yazması, danışması, nə istəyir etməsi anlamına gəlmir. Çünki bir nəfərin hüququnun bitdiyi yerdə, digərinin hüquqi başlayır. Bu baxımdan mən bu qanunu mütərəqqi hesab edirəm”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az