Kriminal

Sumqayıtda evə gecəyarısı gələn kişidən arvadına qarşı dəhşətli əməl — Şok təfərrüat

Sumqayıtda evə gecəyarısı gələn kişidən arvadına qarşı dəhşətli əməl — Şok təfərrüat

Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Samir ailə münaqişəsi zəminində həyat yoldaşı Fəqanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 26-da, gecə saat 01:15-də baş verib. Samir yaşadığı evdə ailə-məişət münasibətləri zəminində arvadı ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Samir Fərqanəni yumruq zərbələri ilə vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2015-ci ildə Fərqanə ilə ailə qurub: “Ailə qurmağımıza baxmayaraq aramızda rəsmi nikah bağlanılmayıb, kəbin kəsdirmişik. Birgə yaşadığımız müddət iki övladımız dünyaya gəlib”.

Təqsirləndirilən şəxs bildirib ki, son vaxtlar işi ilə əlaqədar evə gecə saatlarında gəlib: “Hərdən isə ümumiyyətlə səhərə yaxın evə qayıtmışam. Hər dəfə yoldaşım məndən şübhələnərək nəyə görə evə gec gəldiyimi soruşub, aramızda mübahisə baş verib”.

Samirin sözlərinə görə, sentyabrın 26-da, gecə saat 00.10-da işdən çıxıb, bir qədər araq içib və bir saat keçmiş sərxoş vəziyyətə evə gəlib: “Evə gələrkən yoldaşım Fərqanə haradan gəldiyimi və nəyə görə evə gec gəldiyimi bildirdi. Qonşularımın yanında məhəllədə olduğumu dedim. Fərqanə isə yalan danışdığımı və bütün gün ərzində “whatsapp” sosial şəbəkəsində kiminləsə əlaqə saxladığımı dedi. Bu zəmində aramızda mübahisə düşdü. Mübahisə zamanı Fərqanəni vuraraq onu döyməyə başladım. Fərqanə məndən aralandı, telefonunu götürərək polisə zəng etdi. Məndən şikayət edəndə telefonunu ondan aldım, yerə çırpdım”.

Samirin ifadəsinə görə, səhər yuxudan oyananda artıq Fərqanənin evdən getdiyini görüb. O, əməlindən peşman olduğunu söyləyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fərqanənin sözlərinə görə, birgə yaşadıqları müddətdə Samir heç bir səbəb olmadan bir neçə dəfə onu döyüb: “Lakin ailəm dağılmasın deyə heç bir zaman Samirdən şikayət etməmişəm. Son vaxtlar Samir səhər sübhdən evdən çıxaraq gedib və evə gecə saatlarında qayıdıb, bəzən isə ümumiyyətlə səhərə yaxın evə qayıdıb. Hər dəfə ondan nəyə görə evə gec gəldiyini və harada olduğunu soruşanda mənimlə mübahisə edib”.

Fərqanənin sözlərinə görə, sentyabrın 25-də, saat 09.00-da Samir evdən gedib və sentyabrın 26-da, saat 01.10-da sərxoş vəziyyətə evə gəlib: “Samirdən haradan gəldiyini və nəyə görə evə gec gəldiyini soruşdum. Samir “yaxşı edirəm, sənə hesabat verəcəm" sözlərini bildirdi, mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Samir yumruq zərbələri ilə sifətimdən, burnumdan, başımdan və çənə nahiyəmdən vurdu. Samirdən aralanaraq telefonunu götürdüm və Daxili İşlər Nazirliyinin 102 xidmətinin zəng mərkəzi sisteminə zəng etdim. Özümü təqdim etmədən yoldaşım tərəfindən döyülməyim barədə məlumat verəndə Samir məndən telefonunu aldı və yerə çırpdı. Sonra Samir ünvanıma nalayiq ifadələr işlətdi. Ona söyüşlə cavab verəndə Samir bir daha yumruq zərbəsi ilə sifətimdən vurdu”.

Fəqanənin sözlərinə görə, bir qədər keçəndən sonra Samir onu yataq otağına salıb və otaqdan çıxmağa imkan verməyib: “Səhərə yaxın Samirin yatdığını gördüm, evdən çıxdım. Polisə şikayət etdim”.

Zərərçəkmiş bildirib ki, hazırda Samir ilə barışıb, qarşı şikayəti yoxdur.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində hakim Rövşən Xəlilovun sədrliyi ilə baxılıb.

Hakim hökm elan edən zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.

Bu səbəbdən Samirin barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az