Pandemiyanın ağır iqtisadi nəticələri Gürcüstanda illik inflyasiya göstəricisinin bu il son 10 ilin maksimumuna çatması ilə özünü göstərir. Bəs, Azərbaycanda bu istiqamətdə nələr yaşana bilər? Sualımızı cavablandıran iqtisadçı ekspert Elçin Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, inflyasiya məsələsi koviddən dolayı bütün dünyada aktualdır:
"Hətta, Amerikada uzun müddətdən sonra inflyasiya səviyyəsində çox ciddi artım göründü.Təbii ki, bunun obyektiv və subyektiv səbəbi var. İqtisadiyyatdakı durğunluq, daha sonra dövlətlərin verdikləri yardımlar, biznes qurumlarının verdikləri kompensasiyalar ölkələrin iqtisadi vəziyyətinə, potensialına görə təsiri fərqli oldu. Azərbaycanda da təbii ki, inflyasiya əvvəlki illərə görə çoxdur, yəni onu etiraf etmək lazımdır. Biz buna piştaxtalarda, mağazalarda və s. şahidi oluruq. Hökumət də bunu görərək, qabaqlayıcı tədbir kimi bu il sosial müavinətləri, təqaüdləri, maaşları kifayət qədər artırdı. Hətta, cənab Prezident bu istiqamətdə bir neçə sərəncam imzaladı. Miniumum əmək haqqının qaldırılması da buna hesablanıb. Əsas odur ki, artım inflyasiyadan daha yüksək olmalıdır ki, o artım əriməsin. Amma Gürcüstandakı qiymət artımının Azərbaycana ciddi bir təsiri olmayacaq. Çünki bizim Gürcüstanla elə bir güclü idxalımız yoxdur. Bizim idxalımız daha çox Rusiya və Türkiyə üzərindədir. Düzdür, son günlər Türkiyədə türk lirəsinin dəyəri artıb, stabilləşib. Uzun dönəmdə Azərbaycan manatına görə kifayət qədər dəyərsizləşib, təqribən 40-50 faiz. Dolayısı ilə Türkiyədən gələn məhsullar daha ucuz gəldiyinə görə, bu qiymət artımına səbəb ola bilməz. İşbazlar artıra bilər, amma ümumi olaraq, bu, səbəb deyil”.
İqtisadçı hesab edir ki, yaxın ölkələrdəki qiymət artımının və inflyasiyanın Azərbaycan üçün ciddi təsiri olmayacaq:
“Çünki dünyada əsas inflyasiyaya təsir edən enerji daşıyıcılarının qiymətlərinin artımıdır. Bizdə də Tarif Şurası tərəfindən müəyyən qədər artımlar olub. Amma, bu, struktur yenilənməsi ilə əlaqəlidir. Azərbaycan özü enerji ixracatçısıdır və dünya bazarlarına neft, qaz məhsulları satır. Avropada qazın min kubmetri 500-600 dollar artıb və 2 min dollara yaxınlaşıb. Dolayısı ilə 3-4 faiz qiymət artımı təbii ki, digər sahələrə də təsir göstərməlidir. Benzinin və neftin qiyməti müəyyən qədər artdı. Azərbaycan enerji resurslarını satan ölkədir və ciddi mənada bundan təsirlənməz. Yəqin ki, gələn ilin ikinci yarısından inflyasiya stabilləşəcək”.
Aynurə Pənahqızı Demokrat.az


