Gündəm

Politoloq: “Biz Ermənistanla ikitərəfli olaraq anlaşmağa çalışmalıyıq”

Politoloq: “Biz Ermənistanla ikitərəfli olaraq anlaşmağa çalışmalıyıq”

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında rus sülhməramlılarının Qarabağda fəaliyyətini yüksək qiymətləndirib. O, bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti sayəsində Qarabağda humanitar şərait yaxşılaşdırılıb: “Bir ildən artıqdır bizim sülhməramlılar Qarabağda sabitliyin dəstəklənməsinə yardım edir. Onların səyi nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlar minalardan təmizlənib, sosial infrastruktur obyektlər bərpa olunub, tarixi və mədəni abidələr qorunub”.

V. Putinin rus sülhməramlılarının Qarabağda fəaliyyətini yüksək qiymətləndirməsi məsələsini şərh edən politoloq Azər Qasımlı Demokrat.az-a açıqlamasında bildirib ki, Putinin bu sözləri söyləməsi təbiidir.

Politoloq qeyd edib ki, İlham Əliyev də Soçidə imzalanan sənəddə bunu təsdiq etdi: “Hesab edirəm ki, Rusiya uzun müddətə gəlib və çalışacaq ki, irəlilədə sülhməramlı kontingent hərbi baza statusu alsın. Bir sözlə, onlar getmək üçün gəlməyib. Problem həm də ondadır ki, 10 noyabr bəyanatının maddələri reallaşmır. Ən əsası Laçından yox, başqa yerdən keçəcək koridor müəyyənləşməyib. Ermənistanın silahlı qüvvələri Qarabağı tərk etməyib və tərpəniş belə gözə dəymir”.

Siyasi şərhçi əlavə edib ki, mina xəritələrinin verilməsi məsələsi 10 noyabr bəyanatında öz əksini tapmalı idi: “Mina xəritələrini də sənədə yazmalı idilər. Lakin yazılanlar hamısı onsuz da yerinə yetirilmir. Fikrimcə, biz Ermənistanla ikitərəfli olaraq anlaşmağa çalışmalıyıq. Bunu edə bilsək, bu kimi problemləri də həll edə bilərik. Məsələnin bu şəkildə həlli isə Rusiyanın işinə gəlmir. Çünki Rusiya bölgədə bütün işlərdə moderator rolunda olmaq istəyir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az