Dövlət Gömrük Komitəsi “LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanovun Dövlət Komitənin müxtəlif vəzifəli şəxslərinin özbaşınalıqları və Hava Nəqliyyat Baş Gömrük İdarəsi Gömrük Rəsmiləşdirilməsi idarəsinin rəisi Pərviz Kənkərlinin qanunsuz əməlləri barədə şikayəti əsasında Demokrat.az-ın sorğusuna cavab verib.
Dövlət Gömrük Komitəsinin açıqlamasında deyilir:
“Sorğunuza cavab olaraq bildirirk ki, cari ilin dekabr ayının 8-də “LİON CENTRE” MMC-nin ünvanına göndərilən mallar dekabr ayının 15-də “Fərdi funksiyaları olan elektrik maşınlar - Bitmain antiminer S17 Pro” adı ilə bəyan edilib. “Bakı Karqo Terminalı Gömrük Postu” nun əməkdaşları tərəfindən yükün eyniləşdirilməsi və buraxılışı zamanı faktiki olaraq malların gömrük bəyannaməsində göstərilən “Bitmain antiminer S17 Pro” əvəzinə “Bitmain Antiminer S17 +” markalı cihazlardan ibarət olduğu müəyyən edilib. Risk Analizlərinin İdarəolunması Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, “LİON CENTRE” MMC tərəfindən faktiki olaraq gətirilən mallar, yəni “Bitmain Antiminer S17 +” adlı cihazlar gömrük orqanına bəyan edilən “Bitmain antiminer S17 Pro” ilə müqayisədə istehsal tarixinə görə daha yeni nəsil hesab olunur. Üstəlik “Bitmain Antiminer S17 +” adlı cihazların gömrük dəyəri “Bitmain Antiminer S17 Pro”-dan daha yüksəkdir. Gömrük dəyərinin müəyyən edilməsi prosesində digər idxalatçılar tərəfindən eynicinsli malların gömrük orqanına bəyan edilməsi zamanı invoys dəyərinin minimum 1000 ABŞ dolları göstərildiyi üzə çıxıb. Buna görə də düzgün bəyan edilməməsi və dəyərində şübhə yarandığı üçün qeyd olunan yükün buraxılışı dayandırılıb və müvafiq araşdırmalar aparılır. Qeyd edək ki, “LİON CENTRE” MMC-nin direktoru Ramil Aslanov əvvəllər olduğu kimi bu dəfə də hər hansı fakta əsaslanmadan ümumi sözlərdən istifadə edərək gömrük orqanları və onun vəzifəli şəxsləri barədə cəmiyyətdə mənfi rəy formalaşdırmağa çalışır. Lakin bir neçə səhifəni əhatə edən məktubunda bir dəfə də olsun idxal etdiyi mallardan, onların gömrük dəyərindən və gömrük orqanına yanlış məlumat verməsindən, bir sözlə problemin yaranma səbəbindən bəhs etmir. Bir sözlə Ramil Aslanovun bu müraciəti həqiqəti gizlətmək, cəmiyyətdə yanlış rəy formalaşdıraraq gömrük orqanlarına təzyiq göstərmək məqsədi daşıyır. Xatırladaq ki, gömrük orqanları xarici ticarət iştirakçıları ilə münasibətləri tamamilə informasiya texnologiyalarına əsaslanan sistem üzərindən onlayn qaydada həyata keçirir və xarici ticarət əməliyyatları zamanı qanunvericiliyə əməl edən sahibkarların gömrük orqanına gəlməsinə ehtiyac yoxdur”.
Demokrat.az


