Gündəm

“Əsas məqsəd jurnalistikada standartın yüksəlməsinə nail olmaqdır”

“Əsas məqsəd jurnalistikada standartın yüksəlməsinə nail olmaqdır”

“Biz iri addımlarla yeni dünyaya doğru gedirik. Bu baxımdan da ənənəvi və klassik medianın requlyasiyasına, yəni idarəçilik çərçivəsinin təkmilləşdirilməsinə ehtiyac var. Bu mənada ”Media haqqında” qanun çox önəmlidir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadari deyib. Deputat vurğulayıb ki, bu gün xəbərlərin çox hissəsini vətəndaşlarımız nə qəzetlərdən, nə jurnallardan, nə də ki, televiziya kanallarından almır:

“Onlar xəbərləri sosial mediadan, teleqram kanallarından, “Youtube” dan, bloqlardan alırlar. Yəni, telefonumuz əlimizin altındadır və istədiyimiz yerə daxil oluruq. Qeyd edim ki, “Forbes” jurnalına görə, dünyada internet istifadəçilərinin 65 faizi cari xəbərləri sosial mediadan alır. Bu qeyd etdiyim statistika 2018-ci ilə aiddir. İndi böyük ehtimalla bu rəqəm 70-80 faiz olacaq. “Reuters”in araşdırmasına görə, son 2-3 il ərzində dünyada mətbuata inam çox aşağı düşüb və bu tendensiya davam edir. Bu, o, deməkdir ki, artıq sosial media ənənəvi medianı üstələyərək, cəmiyyətin məlumatlandırılması baxımından əsas rol oynayır. Qeyd etməliyəm ki, dünyanın heç bir ölkəsində sosial medianı və bütün interneti bir araya gətirən mükəmməl bir qanun yoxdur”.

Deputat diqqətə çatdırıb ki, bu gün ənənəvi mətbuat çox ciddi proseslərdən keçir: “Artıq xəbərlərin strukturu dəyişir. Biz bu baxımdan jurnalistləri dəstəkləməliyik. Çünki əsas məqsədimiz indi jurnalistikada standartın yüksəlməsinə nail olmaqdır, yəni keyfiyyətli kontent yaradılmalıdır. Hesab edirəm ki, əgər biz jurnalistlərimizi dəstəkləsək, onda onlar daha keyfiyyətli kontent yaradacaqlar və bu, keyfiyyətli kontent əslində sosial mediada olacaq məlumatlara da təsir edəcək. Çünki indi sosial media bir bataqlıq halına çevrilib, bunu etiraf etməliyik. Bu baxımdan keyfiyyətli kontentin yaradılması çox önəmlidir. Biz jurnalistlərimiz üçün şərait yaratmalıyıq ki, bu vəziyyətdə onlar çalışa bilsinlər. Əvvəllər əsas məqsəd xəbərlərin vətəndaşlara çatdrılması idi, indi çatdırılma mexanizmləri o qədərdir ki. Ancaq indi əsas keyfiyyətli məlumatların çatdırılmasına daha çox üstünlük verilməlidir. Çünki bu keyfiyyətli məlumat olmayanda “fake” xəbərlər yaranır və çoxsaylı neqativ hallar yaşanır. Digər məsələ isə hesab edirəm ki, bu qanun regionlardakı mətbuatlarımızın da inkişaf etməsinə kömək edəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az