Gündəm

Hakimiyyət yeni layihə təqdim edib, bəs, siz nə təklif edirsiniz?

Hakimiyyət yeni layihə təqdim edib, bəs, siz nə təklif edirsiniz?

“Media haqqında” yeni qanun layihəsi ilə bağlı gedən müzakirələrdən çıxan nəticə budur ki, bəzi əks düşüncələr səslənsə də, ümumilikdə bu sahənin insanlarından, mətbuat qurumlarından, ictimaiyyət nümayəndələrindən qanuna geniş dəstək mövcuddur. Kifayət qədər əhatəli olan yeni qanunun Azərbaycan mediasının qarşısında əlverişli imkanlar və yeni mərhələ açaçağı bütövlükdə ümumi rəyləri ifadə edən mövqe kimi ortadadır.

Layihəyə ilk gündən etiraz edənlər isə demək olar ki, eyni adamlardır. Bu, o şəxslərdir ki, illərdir fəliyyətləri media ilə bilavasitə bağlı olmalarına rəğmən bu sahənin inkişafı ilə əlaqəli hər hansı sanballı layihənin müəllifi deyillər. Siyasət və media sahəsində var-gəl edərək gah media eksperti, gah siyasi ekspert olanların fəaliyyətlərinin ana xəttini hakimiyyətin ərsəyə gətirdiyi istənilən layihəni tənqid atəşinə tutmaq təşkil edib. Və indi də belədir. Guya yeni qanun layihəsində bir dənə də müsbət məqam tapa bilməyiblər. “Yeni qanun medianın fəaliyyətini məhdudlaşdıracaq” kimi çeynənmiş fikirlərlə tənqid dalğası başlayıb. Sirr deyil ki, illərdir medianın inkişafı üçün bəlli xarici qurumlardan ayrılan qrantlar elə bu şəxslərin əlindən gəlib-keçib. Elə isə bu “əvəzolunmaz media ekspertləri” 1999-cu ildə qəbul olunmuş, 79 dəfə dəyişdirilən, mövcud media subyektləri ilə əlaqəsi itən “Kütləvi informasiya vasitələri haqqında” qanunun yerinə hansı layihəni ortaya qoyublar? Hazırkı qanunun müasir çağırışlarla uzlaşmaması bu adamları niyə narahat etməyib? Hakimiyyət yeni layihə təqdim edib, siz nə təklif edirsiniz? Sadəcə tənqidmi?

Yeni qanunu hakimiyyət yox, zamanın və formalaşmış yeni reallığın tələbi ortaya çıxarıb. Etiraz edənlərin narahatlığı əslində qanundakı hansısa müddəa ilə bağlı deyil. Tənqidlərini bu yöndə qurmağa çalışsalar da hiss olunur ki, özlərini media sahəsinin sahibləri kimi aparan bu şəxslər qanunun onların istəyi ilə formalaşmamasından narahatdırlar. Belə çıxır ki, media sahəsi ilə əlaqədar bunların əlindən keçməyən istənilən layihə pisdir, vəssalam!

Nə iddia olunur və həqiqət nədən ibarətdir?

1. Guya qanun layihəsi gizli saxlanılıb. Hansı ki, layihənin hazırlanmasında 800-yə yaxın media subyekti, jurnalist və ekspert iştirak edib, bununla da qanunun ictimaiyyətə açıqlığı təmin olunub.

2. Qanun layihəsinin hazırlanarkən beynəlxalq norma və prinsiplər və s. nəzərə alınmaması iddia olunur. Hansı ki, müxtəlif dövlətlərin analoji qanunları araşdırılıb, beynəlxalq hüquqi aktların yanaşması, xarici dövlətlərin təcrübəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq müasir standartlara cavab verən normalar hazırlanıb. Deyilənlərin əksinə olaraq, layihə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsi, nə də ki Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Sadəcə, ümumi formada ziddiyyət təşkil edir deyilərək, ictimai rəy çaşdırılır.

3. Jurnalist vəsiqələrinin verilməsi başqa istiqamətlərə yönləndirilir. İlk gündən bəyan olunub və qanun layihəsində də açıq ifadə olunub ki, vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır. Bu heç də vahid jurnalist vəsiqəsi deyil, və kiminsə həqiqətən jurnalist olduğunu müəyyən etmir. Sadəsə olaraq, müraciət etmiş şəxsin həqiqətən Media Reyestrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir.

4. Kimsə jurnalistləri test etməyəcək, qanunda da belə bir məsələ yoxdur. Vəsiqənin əldə edilməsi üçün də jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur. Jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirəcək. Bütövlükdə vəsiqə ilə bağlı yaradılan ajiotajın kökündə prosesi qaralamaq niyyəti dayanır. 7 yaşından 18 yaşına qədər olan, məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin vəsiqə üçün müraciəti mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq istisna edilib. Bundan başqa, jurnalist vəsiqəsini almaq üçün şəxsin Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşı olması şərti ortada yoxdur. Bunun davamı olaraq vurğulamaq vacibdir ki, dövlət qurumlarına kimlərin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə tam səlahiyyət verilir fikri də kökündən yanlışdır. Qanunazidd fəaliyyətlə məşğul olan media nümayəndələrinin fəaliyyətini tənzimləməyən müvafiq layihə ancaq və ancaq məhz peşəkar jurnalistikanın inkişafını, eyni zamanda, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılması məqsədini daşıyır.

5. Media Reyestrinin məqsədi fəaliyyətin məhdudlaşdırılması deyil. Bu sistem media subyektlərinin sayını müəyyənləşdirmək, bununla da media subyektlərinin, onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsi kimi məsələləri hədəfləyib. Nəticə etibarı ilə güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq. Ümumiyyətlə, müasir dövrün çağırışları bundan ibarətdir ki, media subyektlərinə dair məlumatlar vahid bazada toplasın, beləliklə pərakəndəliyin qarşısı alınsın. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkilinə mane olur.

6. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin, habelə gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yol verilən hallarla bağlı yanlış rəy yaradılır. Bu məsələdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının konkret müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə istinad edilib. Bu norma hər hansı bir şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yəni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda da bu müddəa təsbit olunmuş, illərdir tətbiq edilən bu norma praktikada da özünü doğrultmuş və bu illər ərzində heç bir zaman müzakirələrin və mübahisələrin predmeti olmayıb.

7. Qanun layihəsinin heç bir müddəası sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətinə şamil edilməyib. Bunun davamı olaraq onu da qeyd etmək yerinə düşər ki, layihə heç bir halda jurnalistin öz missiyasını yerinə yetirməsi üçün onun azadlıqlarını, həmçinin xaricdə yaşamaq hüququnu məhdudlaşdırmır.

8. Platforma yayımçısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziyalarının fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmur. Bununla bağlı hüquqi müstəvidə daha da aydınlıq gətirilməsi məqsədilə layihəyə dəqiqləşdirici müddəanın əlavə edilməsinə dair təklifin verilməsi planlaşdırılır.

9. Layihədə yer alan faktların və hadisələrin qərəzsiz və obyektiv şərh olunması, birtərəfliliyə yol verilməməsinə dair norma isə kontekstdən çıxarılır. Əslində isə müvafiq norma 14-cü maddənin məzmunundan da göründüyü kimi jurnalistin şərhinə deyil, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələbləri nəzərdə tutur, yəni jurnalistlər üçün yox, media subyektləri üçün öhdəlik müəyyənləşdirir.

Qanun layihəsində qüvvədə olan müvafiq qanunlara istinad edilib, hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında, həmçinin terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti tənzimlənib. Hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda media nümayəndələrinin fəaliyyətinin çərçivəsinin müəyyənləşdirilməsi ictimai asayiş maraqlarının və digər şəxslərin hüquqlarının müdafiəsinə yönəlmiş, məcburi xarakterə malik ictimai zərurətdən irəli gəlib.

Sadalananlar, Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurasının ətraflı izahları, müvafiq açıqlamaları sübut edir ki, qanun layihəsi nə jurnalistlərin fəaliyyətini məhdudlaşdırır, nə də beynəlxalq qanunvericiliyin tələblərinə ziddir. Xüsusilə, qanun layihəsinin dövlətin mediaya müdaxiləsi kimi qələmə verilməsi kökündən yanlışdır.

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az