Gündəm

"Avropa İttifaqı Moskvaya “biz də varıq” mesajını göndərmək istəyir" — AÇIQLAMA

Avropa İttifaqı Moskvaya “biz də varıq” mesajını göndərmək istəyir — AÇIQLAMA

“Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçlü görüş gerçəkləşdirərkən növbəti Brüssel görüşü barədə müsbət fikirlər söyləmişdi. O Brüsseldə fikir mübadiləsinin daha da dərinləşəcəyinə olan ümidini səsləndirmişdi”.

Demokrat.az-ın məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu "facebook" səhifəsində məlumat verib.

“Putinin bu sözləri publikaya hesablanıb, reallıqda isə Kreml Azərbaycanla Ermənistan arasında vasitəçiliyi və moderatorluğu heç kimlə bölüşmək istəmir. Təsadüfi deyil ki, liderlərin Brüssel görüşü barədə məlumat yayılan kimi Kreml tələsik Soçi görüşünü təşkil etdi. Halbuki, Soçidə qəbul olunan sənəddə xüsusi yenilik olmadı, açıqlamada yer alan “kommunikasiya xətlərinin açılması və sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqların sürətləndirməsi” konsepsiyası isə söz olaraq qalıb, irəliləyiş yoxdur.

Kreml istəməz ki, Brüssel vasitəçilik və ya moderatorluqda ona şərik olsun. Brüsellin heç buna iddiası da yoxdur. Avropa İttifaqı Azərbaycan və Ermənistan liderlərini Şərq Tərəfdaşlıq Proqramı toplantısı çərçivəsində görüşdürməklə sadəcə Moskvaya “biz də varıq” mesajını göndərmək istəyir. Ancaq “biz də varıq” deyən Brüsselin gündəmində Azərbaycanla Ermənistan arasında “dəhliz”, “sərhəd” və “sülh sazişi” kimi mövzuları yoxdur. Bu isə bizim üçün əsas mövzulardır”.-deyə o bildirib.

D
demokrat.az