Gündəm

“Ermənistan tərəfinin bundan sonra atacağı addımları diqqətlə izləyəcəyik” — Politoloq

“Ermənistan tərəfinin bundan sonra atacağı addımları diqqətlə izləyəcəyik” — Politoloq

“Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində tezliklə qarşılıqlı Xüsusi Nümayəndəliklərin ayrılması ilə bağlı fikirləri maraqlıdır. Bu, Türkiyənin bölgədə sülhün, əmin-amanlığın, əməkdaşlıq mühitinin formalaşmasına verdiyi diqqətin bir nümunəsi kimi dəyərləndirilə bilər”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, önəmli olan əsas məsələ Ermənistanla Türkiyənin münasibətlərinin bütün məsələlərdə Azərbaycanla əlaqəli şəkildə həllini tapmasıdır:

“Cənab Mövlud Çavuşoğlu da dəfələrlə çıxışlarında vurğuladı ki, Azərbaycanın fikirləri hər zaman önəmli olacaq. 44 günlük savaşdan, o cümlədən Azərbaycan torpaqlarının əksər hissəsinin işğaldan azad olunmasından sonra Azərbaycan tərəfi də rəsmi səviyyədə dəfələrlə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərtini irəli sürüb. Həmçinin, kommunikasiyaların açılması, əməkdaşlıq mühitinin formalaşması, sərhədlərin demarkasiya və delimitasiya prosesinin də həyata keçirilməsi Azərbaycanın şərtləri arasında öndə gələn məsələlərdir. Qeyd edim ki, Ermənistan tərəfi də artıq açıqlama verib ki, iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin olunacaq. Əgər bu, baş verərsə və münasibətlərin formalaşması istiqamətində tərəflər arasında addımlar atılarsa, bu, əlbəttə ki, olduqca əhəmiyyətli məsələdir. Təbii ki, bunun tərkib hissələrindən biri olan İrəvan-İstanbul arasında çarter reyslərinin açılması məsələsi də həllini tapacaq. Bu, tərəflərin əməkdaşlıqda maraqlı olmasının bir göstəricisi kimi də sayıla bilər”.

O.Qasımov qeyd edib ki, Moskvada keçirilən “3+2” formatındakı görüş də bu istiqamətdə atılan ilk addımlardan biri kimi dəyərləndirilə bilər:

“Ermənistanla Türkiyə arasında münasibətlərin nizama salınması və normal münasibətlərin formalaşması əlbəttə ki, bölgə üçün əhəmiyyətli bir məsələ olardı. Ermənistan da bu gün bəyan edir ki, onlar da Türkiyə ilə münasibətlərin qurulmasının tərəfdarıdır. Əgər Ermənistan tərəfi qondarma soyqırım iddialarından və özlərinin konstitusiyasındakı Türkiyənin ərazi iddialarından imtina edərsə, o zaman bu, bölgədə əməkdaşlıq mühitinin formalaşmasına, ölkələr arasında ticari əlaqələrin genişlənməsinə gətirib çıxardacaq. Bundan da ən çox fayda görən ölkələrdən biri Ermənistan olacaq. O baxımdan Türkiyənin xarici işlər nazirinin dünən səsləndirdiyi bəyanat çox əhəmiyyətlidir. Ermənistan tərəfinin bundan sonra atacağı addımları diqqətlə izləyəcəyik. Əgər Ermənistan doğurdan da, bölgədə qeyd olunan əməkdaşlığa tərəfdar olduğunu göstərib, real addım atarsa, o zaman bunlar müsbət qarşılanmalıdır. Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişafı, Azərbaycanla münasibətlərin qaydaya salınması bölgə üçün müsbət tendensiyaların başlanmasına gətirib çıxaracaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az