Gündəm

Politoloq: “Rusiya bölgəyə təsiri əlində saxlamağa çalışır”

Politoloq: “Rusiya bölgəyə təsiri əlində saxlamağa çalışır”

“Brüssel görüşündən böyük bir uğurun əldə olunacağına inanmıram”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib.

Politoloq bunun bir sıra səbəbləri olduğunu diqqətə çatdırıb: “Birinci səbəb odur ki, Rusiya bölgəyə təsiri əlində saxlamağa çalışır. Qərb ölkələri, NATO da Rusiyanın bölgədə nəzarətini zəiflətməyə, öz nəzarətini isə gücləndirməyə cəhd edir. Ona görə də, nə qədər ki, bu geosiyasi dartışmalar davam edəcək, inanmıram uğur əldə olunsun. Düzdür, müəyyən anlaşmalar əldə oluna bilər, amma onların reallaşacağı inandırıcı görünmür. Başlıca səbəb isə bölgədə maraqların olmasıdır. Məhz, o səbəbdən də, ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində münaqişə uzun illər öz həllini tapmadı. Düzdür, görüşdə hansısa addımlar atıla bilər və bu addımlar sahəsində də, prosesin bir ümidverici sülh anlaşması yoluna düşməsini gözləmək olar. Bu görüş Azərbaycanın və Ermənistanın hökumət başçıları arasında birbaşa ünsiyyətin qurulması, vasitəçilərsiz yaranan gərginliyin aradan qaldırılması, baş verə biləcək münaqişənin təzələnməsinin profilaktikası, yəni bu istiqamətdə məsələləri tənzimləmək üçün müəyyən şəkildə birbaşa ünsiyyət qurula bilər. Bu, mümkündür. Hansısa anlaşma da əldə oluna bilər, amma onun işə salınmasının nə dərəcədə reallaşacağını söyləmək bir qədər çətindir”.

Ə.Oruclu qeyd edib ki, bu gün ən çox mübahisə doğuran məsələlərdən biri sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir: “Bildiyimiz kimi, Rusiya birmənalı şəkildə bildirir ki, bu yalnız onun iştirakı ilə həyata keçirilə bilər. Mən düşünürəm ki, Soçidə keçirilən üçtərəfli görüşdə də müzakirə olunan məsələ bu idi ki, nə Azərbaycan, nə Ermənistan rəhbərlərinin Avropa Birliyi, NATO və digər qurumlar qarşısında bu məsələlərin həlli, onların həyata keçiriləcəyi barədə öhdəlik götürməsinlər. Yəni, bu məsələ Rusiyanın nəzarətində qalsın. Amma hər bir halda, hesab edirəm ki, bu, hazırda əsas münaqişə yaradacaq məsələlərdən biridir. İstisna etmirəm ki, Avropa Birliyi Qarabağ ermənilərinin statusu məsələsini də müzakirə olunmağına çalışacaq. Bildiyimiz kimi, bu da mübahisə doğuran məsələdir. Mən Minsk qrupu həmsədrləri formatında danışıqlarda əsas məqamlardan biri olmuş status məsələsinə qayıdışın mümkün olacağını da gözləmirəm”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az