Gündəm

Deputat: “Media haqqında Qanunun çox böyük faydası olacaq”

Deputat: “Media haqqında Qanunun çox böyük faydası olacaq”

“Bu qanun layihəsinin qəbul edilməsini zəruri edən əsas şərtlərdən biri 44 günlük Vətən müharibəsində qazandığımız qələbə idi. Çünki qələbə qazanmağımıza baxmayaraq, bu gün düşmənlə döyüş, müharibə, mübarizə informasiya məkanında davam etməkdədir. Hesab edirəm ki, Azərbaycan media məkanının fəaliyyətini daha da səmərəli etmək və jurnalistlərin hüquq və fəaliyyətlərinin qorunması üçün bu qanunun qəbul olunması çox zəruridir. Bu baxımdan da düşünürəm ki, ən qısa zamanda hazırlanmış bu baza əsasında mütərəqqi bir qanun qəbul ediləcək”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputatın sözlərinə görə, mediamızın tənzimlənməsi, həmçinin jurnalistlərimizin hüquqlarının qorunması və onların statuslarının möhkəmlənməsi üçün “Media haqqında” qanunun çox böyük faydası olacaq:

“Bilirsiniz ki, bu günə qədər Ədliyyə Nazirliyi tərəfindən media qurumlarının qeydiyyatı və reyestri həyata keçirilmişdirsə, konkret jurnalistlərin ümumi statistikası və müzakirəsi indiyə kimi aparılmamışdır. Yaxud da müxtəlif qurumlar tərəfindən bu iş təşkil olunduğu üçün bir neçə rəqəm və statistikalar səslənirdi. Ancaq qanunda göründüyü kimi, vahid reyestr formalaşacaq ki, bu da birbaşa olaraq jurmalistlərin qeydiyyatını təmin edəcək. Jurnalistlər ilk növbədə vahid jurnalist vəsiqəsilə təmin olunacaqlar”.

Millət vəkili diqqətə çatdırıb ki, bu gün ən aktual məsələlərdən biri müəlliflik hüquqlarının qorunmasıdır: “Qeyd edim ki, yeni qanunda bu məsələyə də çox böyük yer ayrılır. İnformasiyanın qorunması, plagiat informasiyaların yayılmasının qarşısının alınması və müəlliflik hüququnun qorunması məsələsi baxımından yeni qanunun çox müsbət faydaları dəyəcək. Həmçinin, bilirsiniz ki, hansısa redaksiyada və yaxud media qurumunda çalıımayan, ancaq media ilə məşğul olan insanlar va. İlk dəfə olaraq,yeni qanun əsasında onların da hüquqları tanınacaq və onların da jurnalist kimi tanınması bu qanunda tətbiq olunacaq. Bütün bunlarla yanaşı biz düşünürük ki, bu qanun qüvvəyə minəcəyi təqdirdə jurnalistlərin fəaliyyətinin tənzimlənməsi baıxmından da çox böyük addımlar atılmış olacaq. Burada onlayn media, çap mediası, televiziyalar, bir sözlə, media sahəsində fəaliyyət göstərən bütün qurumlar bir qanun vasitəsilə tənzimlənəcək və bu da nəticə etibarilə, jurnalistlərin fəaliyyətini asanlaşdırmış olacaq. Təbii ki, hələ ilkin müzakirələrdir, burada təbii ki, müəyyən müzakirələr aparılacaq, hansısa dəyişiliklərlə bağlı təkliflər irəli sürüləcək və bütün boşluqlar üçüncü müzakirədən sonra tamamilə aradan qaldırılacaq. Jurnalistlərin və media qurumlarının istəyinə uyğun ən əsası isə dövlətçiliyimizin qorunması baxımından bu qanun çox faydalı və zəruri bir sənəd kimi öz missiyasını yerinə yetirəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az