Rusiyanın SSRİ-ni diriltmə cəhdləri region dövlətləri tərəfindən təbii ki, dəstəklənmir. Rusiya sadəcə, dünyadakı qloballaşma tendensiyasını imperiyanı genişləndirmək, Avrasiyada hegemonluq etmək kimi dərk edir və bunun uğrunda çalışır. Turanın böyük bir hissəsi olan Altaylar Rusiya ərazisidir. Burada sual doğuran məsələ Türk Birliyində Rusiyanın hansı şəkildə təmsil olunmasıdır. Təbii ki, Rusiyaya Türk Birliyinə girmək üçün müəyyən şərtlər qoyula bilər. Çox güman ki, Moskva bu şərtlərlə razılaşmayacaq və Avrasiyada liderlik uğrunda mübarizə getdikcə qızışacaq. Hazırda sual budur: Rusiya yoxsa Türk birliyi? Bunlardan hansı gələcək üçün realdır?
Suallımızı cavablandıran tanınmış politoloq Ərəstun Oruclu Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın post-Sovet ölkələrlə bağlı siyasəti SSRİ dağılandan sonra fərqli bir xarici siyasət kursu olub:

“Təsadüfi deyil ki, hələ post-sovet dövrün ilk illərində Rusiya xarici siyasi leksikonunda post-sovet ölkələr yaxın xaric adlandırılırdı. Bu ölkələri MDB bayrağı altında birləşdirmək və gələcəkdə başqa bir ad altında daha səlahiyyətsiz şəkildə birliyə cəlb etmək idi. Putin hakimiyyətə gəldikdən sonra, bu siyasət təşəkkül tapmağa başladı. Düzdür, real olaraq gözlənilən nəticələri hələ ki, verməyib və çətin versin. Amma hər halda, cəhd olunub və olunmaqdadır. Qaldı ki, Rusiyanın Avrasiya bölgəsində hegemonluğu məsələsinə mən düşünürəm ki, Rusiyanın bunun üçün yetərincə, resursları yoxdur. Rusiyanın hərbi gücü bir qədər şişirdilib, yəni nüvə silahını çıxdıqda Rusiyanın hərbi potensialı təqdim olunduğu qədər yüksək səviyyədə deyil, yəni güclü deyil. Və mən dəfələrlə bir çox Rusiya ekspertlərindən eşitmişəm ki, Rusiya adi müharibədə Türkiyəyə məğlub olar. İqtisadi potensialına gəlincə, Rusiyanın vəziyyəti göz qabağındadır. Rusiya dövlət olaraq cəlbedici deyil, onun siyasi sistemi də uğurlu deyil, yəni onun xarici siyasəti təcavüzkar siyasətdir. Bu mənada da cəlbedici deyil. Amma Rusiya çalışır ki, bu ölkələrdən özü ətrafında bufer zona yaratsın. Təbii ki, ilk növbədə özünün nəzarətində olan bufer zona”.
Politoloq qeyd edib ki, Rusiya Avrasiyada heç vaxt hegemonluq edə bilməz: “Çünki ən azı onun iki böyük rəqibi var. Mən uzaqda olan ölkələri demirəm, yəni Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və s. Rusiyanın Avrasiya regionun özündə ən azı iki ciddi rəqibi var. Bunlardan biri Çindir, digəri Türkiyədir. Rusiya faktiki olaraq, bunların heç biri ilə rəqabət aparmaq gücündə deyil. Rusiya pozuculuğu bacarır, destablizasiya mərkəzləri yaratmağı bacarır, amma nəzarətə götürdüyü ərazilərdə, dövlətlərdə quruculuğu bacarmır. Çünki Rusiya qurucu dövlət olsa, birinci öz daxilində quruculuq işləri ilə məşğul olardı. Rusiyanın belə şansının olmasını düşünmürəm.
“Turan” məsələsinə gəlincə, fikrimcə, türk birliyi şərtidir. Əsas məsələ dövlətləri birləşdirən müştərək maraqlardır. Yəni, məsələnin sentimental və emosional, bir də praqmatik siyasi tərəfi var. Türk Dövlətləri Birliyi məsələsində burada hər iki müstəvidə maraqlar üst-üstə düşür. Təbii ki, eyni soya, kökə malik xalqlardır, bu məsələnin emosional tərəfini təmin edir. Digər tərəfdən isə Avrasiya bölgəsində kollektiv müdafiə sistemi,yəni hansısa yeni bir hərbi-siyasi alyans quraraq, özünü və bir-birini müdafiə etmək məqsədilə müdafiə maraqları üst-üstə düşür. Bu mənada reallaşması mümkündür. Amma nəzərə alaq ki, Avrasiya ölkələri arasında həmin türkdilli ölkələr və yaxud türk dövlətləri arasında yeganə sabit inkişafı olan, müasir dövrün tələbləri ilə ayaqlaşa bilən həm iqtisadi cəhətdən, həm siyasi, həm də hərbi sənaye cəhətindən yeganə ölkə Türkiyədir. Nəzərə alsaq ki, digər post-sovet ölkələr daha çox Moskvaya loyallıq göstərirlər. Bir sıra hallarda Türkiyə ilə əməkdaşlıq etsələr də, son anda Rusiyanın vədlərinə, tələblərinə əməl edirlər. Bu həmin birliyin yaradılmasının özünü risk altına atır, onun yaranma ehtimalı və şansı barədə böyük suallar doğurur. Ona görə də, bu yaxın dövrün məsələsi deyil”.
Prespektivdə belə birlik yaranacağına şübhə etmədiyini bildirən politoloq əlavə edib ki, bu gün formal olaraq o mövcuddur: “Dediyim kimi, istənilən geosiyasi birlikdə çox mühüm komponentlərdən biri hərbi siyasi əməkdaşlıqdır. Bu isə hələ ki yoxdur. Tutaq ki, Azərbaycan ilə Türkiyə arasında Şuşa bəyannaməsi var, amma biz unutmayaq ki, bəyannamə adından bəlli olduğu kimi, deklarativ bir sənəddir. Hüquqi baxımdan demək olar ki, gücü olmayan bir sənəddir. Müqavilə olarsa, o parlamentlərdə ratifikasiyadan keçərsə, öhdəliklər qoyarsa tərəflərin üzərinə, o, artıq başqa məsələdir. Bu isə hələ yoxdur. Uzun illər əvvəl bir sənəd qəbul olunub və ortada bütün bu dediyim məsələlər detallı şəkildə öz həllini tapmayıb. Amma hər bir halda, bu məsələyə şansı olmayan bir məsələ kimi baxmıram. Hesab edirəm ki, Türk Birliyi ölkələri arasında çox yaxın hərbi, siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlıq təbii ki, qurulmaqdadır. O proses gedir, zaman və enerji resursları tələb edir. Amma düşünürəm ki, perspektivdə bu olacaq. Qaldı, Rusiyanın daxilindəki türkdilli xalqlara, türk respubliklarına. Düşünüərm ki, bu gələcəyin məsələsidir. Hələ ilk növbədə Avrasiya bölgəsindəki Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya, yəni Türkiyə bax bu xətt təmin olunmalıdır. Həmin o xətt təmin olunanda avtomatik gedir Rusiyanın Altay bölgəsinə çıxır, bu da artıq perspektiv bir gələcək məsələdir. İndi isə dediyim kimi, məhz həmin o hərbi, siyasi, iqtisadi birliyin hüquqi bazası yaradılmalıdır. Artıq bir dünya çapında yeni bir birliyin yaradılması təqdim olunmalıdır və onu təkcə Türk Birliyi kimi təqdim etmək yanlış olardı. Çünki ora başqa dövlətlərin və tərəfdaş ölkələrin iştirakı çox vacibdir. Məsələn, Pakistan kimi ölkənin yaxın gələcəkdə siyasi sistemi dəyişdikdən sonra Əfqanıstan ora cəlb oluna bilər, həmçinin Tacikistan, Ukrayna, Gürcüstan da istəyər ki bu birlikdə olsunlar. O zaman Avrasiya birliyində “Türk Dövlətlərin Birliyi” adlı böyük bir birlik yarana bilər. Odur ki, belə bir dövrün, belə bir dönəmin başlanacağını istisna etmirəm. Daha doğrusu, artıq o proses başlayır və işə düşməkdədir. Hər şey bu ölkələrin siyasi sisteminin sabit olmasından və təbii ki, ilk növbədə iqtisadi imkanlarından asılı olacaq”.
Aynurə Pənahqızı Demokrat.az


