Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixində 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Eyni zamanda, aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi işğaldan azad olunan digər ərazilərimizin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib. Maraqlıdır, növbəti dəfə təqdim olunan mina xəritələri nə dərəcədə dəqiqdir?
Suallımızı cavablandıran Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Demokrat.az-a açıqlamasında bildirib ki, mina xəritələri düz olsa belə, onların yoxlanılması mütləqdir:
“Təbii ki, mütəxəssislər mina xəritələrinin tam təhlilini aparacaq. Mütəxəssis olmadığıma görə, bu barədə dəqiq fikir söyləməyə imkanım yoxdur. Bilirsiniz ki, keçən dəfə mina xəritələri 25 faiz doğru idi. Yəni, orada işlər çoxdur və bu barədə fikir yürütmək bir qədər çətindir. Ancaq mina xəritələrinin belə gec verilməsi, hesab edirəm ki, 10 noyabr Bəyanatının ən azı çox ciddi pozulmasıdır. Nəyə görə? Çünki orada atəşkəs və hərbi əməliyyatların dayanması barəsində söhbət gedir. Amma “mina müharibəsi” də hərbi əməliyyatların bir növüdür. Burada baxanda biz görürük ki, hərbi cinayətə görə, bizim həm mülki əhali, həm də çox sayda hərbiçilərimiz həlak olublar. Yəni, bu ciddi bir məsələdir. Hər halda mütəxəssislərin rəyini gözləyək”.
Aynurə Pənahqızı Demokrat.az


