44 günlük Vətən müharibəsində Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradaraq bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı. Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan tarix yazdı. Artıq ölkəmiz “Böyük Qayıdış” ərəfəsindədir. Hazırda “Böyük Qayıdış”ın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçirilməkdədir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir ki, azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi Qələbəsinin nəticələrinin möhkəmləndirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi məqsədilə yaşayış mühitinin yaradılmasıdır. 

“Birincisi, böyük vandallıq nümayiş etdiriblər, daşı daş üstdə qoymayıblar, bütün infrastruktur məhv edilib, evlər, sosial obyektlər, tarixi dini abidələr dağıdılıb və s. Bildiyiniz kimi, Ermənistan burada minlərlə, onminlərlə minalar basdırıb. Buna görə də ilk növbədə burada “Böyük Qayıdış”ın tərkib hissəsi kimi təhlükəsizlik məsələləri çox önəmlidir. Həmin ərazilərin minalardan təmizlənmə istiqamətində mütəmadi olaraq çox böyük işlər görülür. Prezident İlham Əliyev ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlər edib. Burada çoxlu sayda infrastruktur layihələrinin təməlqoyma mərasimi, işlərin gedişi ilə tanış olublar. Elektrik enerjisi təminatında, istilik məsələsi, qaz xətlərinin çəkilməsi, xüsusən yol infrastruktrunun bərpası istiqamətində də çalışmalar gedir. Qeyd edim ki, artıq enerji məsələləri bu ilin sonuna kimi tam həllini tapa bilər. Bundan başqa, bilirsiniz ki, Cənab Prezidentimiz tərəfindən həmin ərazilər “yaşıl zona” adlandırılıb. Həmçinin, üç beynəlxalq hava limanının tikintisi həyata keçirilib. Bunlardan artıq biri olan Füzuli hava limanı dünya tarixində ilk dəfə olaraq cəmi səkkiz ay müddətində çəkilib və istismara verilib. Bu ilin sonuna kimi əsas yolların 90 faizinin çəkilişi həyata keçirilməsi nəzərdə tutulur, yollarla yanaşı tunellərin tikintisidə həyata keçirilməkdədir. Bütün bunlar əlbəttə ki, Azərbaycanın gücünün, qüvvətinin göstəricisidir. Artıq Zəngəzur dəhlizi də reallığa çevrilib. 
Dövlətin qarşısında hər zaman çox ciddi sosial-iqtisadi inkişaf proqramların, böyük infrastruktur layihələrin həyata keçirildiyini deyən Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, müstəqillik tariximizin ən böyük dövlət layihəsi “Böyük Qayıdış” proqramıdır.
Deputat diqqətə çatdırıb ki, dörd mərhələdən ibarət bu proqramın ilkin mərhələləri işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsi, təhlükəsizliyin təmin edilməsi, ilkin infrastrukturun qurulmasıdır. İkinci mərhələsi isə o torpaqların iqtisadiyyatımıza qazandırılması və yaşayış məskəninə çevrilməsi, məcburi köçkünlərin yurdlarına qayıtmasıdır: “Hazırda sürətli bərpa prosesi gedir. Hətta, bu işlərə müharibə bitməmiş başlanılıb. Qələbədən sonra başlıca olaraq, yolların çəkilməsinə böyük diqqət göstərildi. Bundan başqa, Füzuli rayonunda hava limanın açılması “Böyük Qayıdış”la bağlı görülən işlərin göstəricisidir. 
Aynurə Pənahqızı
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


