“Paşinyan üçün vacib məsələ Qarabağ deyil. Onun üçün əsas vacib məsələ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qərbə doğru aparmaqdır”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Paşinyanın hakimiyyətə gəlməsində liberal qüvvələrin, xarici dövlətlərin, xüsusilə də Soros qüvvələrinin mühüm rol oynadığını deyən politoloq vurğulayıb ki, Paşinyan açıq şəkildə Qarabağ müharibəsindən Rusiyadan uzaqlaşmaq üçün istifadə edirdi:
“Xatırlayırsınızsa, müharibənin gedişatında Ermənistan açıq şəkildə bildirdi ki, əgər Rusiya kömək etmirsə, o zaman özlərinə yeni müttəfiq tapacaqlar. Qeyd edim ki, son dəfə təxribatlardan bir həftə öncə küçə iğtişaşları baş verdi və həmin mitinqçilər, etirazçılar Rusiya bazasının çıxmasını istəyirdi. Ermənistan dəfələrlə bildirib ki, Rusiya KTMT çərçivəsində Ermənistanı qorumalıdır. Əgər qoruya bilmirsə, o zaman BMT və başqa müttəffiqlərdən qoruma tələb edəcəklər. Bu, açıq şəkildə Rusiyaya meydan oxumaq idi. Hesab edirəm ki, Paşinyan KTMT-dən çıxmağı qarşısına hədəf kimi qoyub. Sadəcə olaraq, Rusiyanın ölkədəki təzyiqi, müharibədən sonra Rusiyaya olan ehtiyac buna imkan vermir. Bilirsiniz ki, Ermənistan sərhəddini rus qoşunları qoruyur və bu faktlar Ermənistanı Rusiyadan çəkinməyə, müəyyən hədəflədiyi addımları atmamağa vadar edir. Ancaq ümumi plana baxsaq, Paşinyan hələ də əl çəkməyib və ancaq açıq şəkildə də çıxmaq üçün bəhanə tapa bilmir. Ona görə də, sırf bu cür fərqli üsullardan istifadə edərkən Qərbə yanaşmağa çalışır. Silah sənayesi ilə bağlı onu deyə bilərəm ki, Paşinyan neçə dəfə açıq şəkildə bildirib ki, Rusiyanın verdiyi silahlar partlamayıb, silahlar keyfiyyətsizdir və Rusiya silah məsələsində öz öhdəliyini yerinə yetirmir. Düşünürəm ki, bu da Ermənistanı Qərb ölkələri ilə hərbi əməkdaşlığa itələyə bilər”.
Ermənistanın bölgədə güclənməsinin Azərbaycan üçün arzuolunan olmadığını deyən politoloq əlavə edib ki, Paşinyanın NATO ilə hərbi əməkdaşlıq etməkdə əsas hədəfinin Azərbaycan olmadığı qənaətindədir:
“Fikrimcə, Paşinyanın Qərblə hərbi əməkdaşlıq etməkdə əsas məqsədi Rusiyadan uzaqlaşmaq, rus bazalarını sərhəddən qovmaq və KTMT-dən çıxmaqdır. Burada Paşinyanın sırf Qarabağla bağlı xüsusi canfəşanlıq göstərəcəyini düşünmürəm. Keçmiş “Qarabağ klanı” daha çox revanşist açıqlamalar verir. Paşinyanı devirəcəkləri təqdirdə yenidən Hadrud, Şuşa ilə bağlı fikirlər səsləndirirlər. Düşünürəm ki, “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıtması bizim üçün müharibə riskini daha çox artırır. Hesab edirəm ki, Paşinyanın bu cür açıq şəkildə Qərbə yaxınlaşmasına Rusiya etiraz etməyə çalışacaq. Ona görə də, Rusiya tərəfindən qızışdırılan sərhəd təxribatları, Azərbaycan-Ermənistan arasında və Ermənistan daxilində təxribatların olması gözləniləndir. Ola bilsin ki, hətta küçə təxribatları, 1990-cı illərdə olduğu kimi, açıq şəkildə parlamentə silahlı hücum, Paşinyanın şəxsinə yönəlik hücumları, sui qəsdlər də olsun”.
Aynurə Pənahqızı Demokrat.az


