Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması ağır faciədir. Hadisə nəticəsində 14 nəfərin həyatını itirməsi, 2 nəfərin ciddi xəsarət alması təkcə onların yaxınları üçün deyil, bütövlükdə ölkə üçün böyük və böyük olduğu qədər açı itkidir. Ölkə Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar başsağlığı verib, eyni zamanda rəsmi qurumlar müvafiq məlumatları açıqlayıblar
Əraziyə baxış keçirilib və Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin aidiyyəti maddələri ilə cinayət işi başlanıb. Xüsusi nəzarətə götürülən iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilməkdədir.
Bütün bu hadisələrin fonunda təəssüf doğuran mənzərənin şahidiyik. Araşdırmanın nəticələri bəlli olmadan ağlagəlməyən versiyalar ortaya atılmaqda, ictimai rəy çaşdırılmaqdadır. Hansı ki, bunun tam əksi olmalı idi. Cəmiyyətin üzdə olan kəsimi, xüsusilə mətbuatla bağlı adamlar daha soyuqqanlı olmalı, rəsmi mənbələrə üstünlük verməli, şaiyələrin yayılmasını önləməlidir. Amma nə baş verir? Bir sıra internet kanalları, sosial şəbəkə istifadəçiləri heç Azərbaycana düşmən olan qüvvələrin ağlının ucundan belə keçməyən informasiyalar irəli sürməkdədirlər.
Məsələn, “Azad söz” kanalı iddia edir ki, guya həlak olanlar “narkoticarətin üstünü açmış zabitlərdi, ona görə də qəsdən öldürülüb”. Bir digəri isə helikopterin Rusiya qırıcısı tərəfindən göydə vurulduğunu tirajlayır. Üçüncüsü, daha fantastik versiya səsləndirir. Və ya nisbətən ağıllısı baş verən hadisəni son günlər Soçi və Aşqabad görüşlərinin ucuna bağlamaq istəyir. Bunun adı nədir? Niyə bu qədər şaiyələrə meylliyik? Nədən baş verən hadisəni dərhal təxribatla bağlamaq şakərindən əl çəkə bilmirik? Rəsmi məlumatı gözləmək bu qədərmi çətindir? Sanki hamı qarşına bir məqsəd qoyub: nə deyilməsindən asılı olmayaraq bu təxribatdır, vəssalam!
Belə şaiyələrə ilkin rəsmi məlumatın gecikməsinin rəvac verdiyini deyənlər yanılırlar. Birincisi, belə bir hadisə ilə bağlı rəsmi xəbərin gecikməsi anlaşılandır. İkincisi, gecikmə varsa belə, bu, əsas verirmi ki, əhalini çaşdıran, ölkə ilə bağlı xoşagəlməz rəy yaradan məlumat yayasan.
Digər baxımdan nəzərə almaq lazımdır ki, belə hadisələrlə əlaqadar araşdırma zaman tələb edir. Dünyanın hər yerində bu kimi qəzalar baş verir. Elə konkret olaraq bu il Rusiya və Türkiyədə oxşar qəzalar baş verib. Bu ölkələrdə dərhal hadisənin niyə baş verməsi bəyan edildimi? Xeyr. Yalnız araşdırmaların nəticəsindən sonra dəqiq informasiya verildi. Üstəlik, nəzərə almaq lazımdır ki, qəzaya uğrayan hərbi helikopterdir. Burada mütləq həssas yanaşma tələb olunur.
Həlak olanlar “narkoticarətin üstünü açmış zabitlərdi, ona görə də qəsdən öldürülüb” kimi iyrənc versiyaları cəmiyyətə sırıyanlar, ilk növbədə həlak olanlara və onların yaxınlarına hörmətsizlik etdiklərinin fərqində olmalıdırlar.
Əhalini bu kimi məsələlər üzərində çaşdırmaq, qarışıqlıq yaratmaq niyyətləri güdənlər varsa, həqiqətən də bu, iyrənclikdir. İnternet azadlığı, sosial şəbəkədən sərbəst istifadə etmək imkanı o demək deyil ki, ancaq şayiə, böhtan yayıb, bütövlükdə ölkənin imicinə belə xələl gətirəsən. Hansısa siyasi qüvvəyə və ya xarici dairələrə bağlı olmaq heç kimə öz ölkəsi, vətəndaşı barədə böhtanlar yaymaq hüququ qazandırmır.
Onu da vurğulamaq yerinə düşər ki, günün sonunda Baş Prokurorluğun mətbuat xidməti daha bir məlumat yayıb və məlumatda Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilə istisna edilib.
Bildirilib ki, hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır. Cinayət işi üzrə Baş Prokurorluğun və DSX-nın rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, iş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən zəruri sorğular verilib.
Göründüyü kimi, heç nə gizlədilmir, operativ istintaq başlayıb və cəmiyyətə yaxın zaman kəsiyində hadisənin nədən baş verməsi barədə daha dolğun məlumat veriləcəyi şübhə doğurmur.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


