“İstisna deyil ki, bu gün Ermənistanı Azərbaycanla sərhədyanı ərazilərdə hərbi təxribatlara sövq edən xarici qüvvələr var. Xüsusən, 9 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan görüşün erməni təxribatları nəticəsində təxirə salınması və dərhal sonra Avropa ittifaqının vasitəçiliyi ilə 15 dekabr tarixində başqa bir görüşün təşkili barədə razılığın əldə olunması sərhəddəki hadisələrin arxasında Qərbdəki siyasi dairələrin dayana biləcəyi ehtimallarını xeyli gücləndirdi”.
Bunu “Demokrat.az”-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
Politoloqun sözlərinə görə, Qərb maksimum dərəcədə çalışır ki, Rusiyanın regiondakı təsir imkanlarını zəiflətsin:
“Ermənistan isə bundan istifadə edərək, kapitulyasiyanın şərtlərini bir qədər yüngülləşdirəcəyinə ümid edir. Bir növ həm Qərb, həm də Ermənistan rəhbərliyi bulanıq suda balıq tutmağa çalışırlar. Azərbaycanla Ermənistan arasında yeni bir müharibənin baş verəcəyini ehtimal etmirəm. Hər şeydən əvvəl ona görə ki, Ermənistanın buna nə hərbi potensialı, nə iqtisadi imkanları nə də ki, psixoloji vəziyyəti imkan vermir. 44 günlük müharibə bütün erməni miflərini darmadağın etdi. Bu il keçirilən növbədənkənar parlament seçkilərində erməni xalqının yenidən Paşinyana kart-blanş verməsi də ondan xəbər verir ki, artıq erməni cəmiyyəti müharibə və qarşıdurma istəmir. Digər tərəfdən isə qarşıdurma şəraitinin yaranması Rusiyanın regiondakı nüfuzuna ciddi zərbədir”.
C.Əhmədli qeyd edib ki, əgər gərginlik azalmasa, Rusiyanın sülhyaratma missiyasının uğursuz olması barədə müzakirələr başlaya bilər: “Təbii ki, yaranmış bu boşluqdan da Qərb məharətlə istifadə edə bilər. Ona görə də yeni bir müharibənin baş verməsini həm də geosiyasi aspektlərdən mümkünsüz hesab edirəm”.
Aynurə Demokrat.az


