Son günlər Qarabağda rus sülhməramlıların nəzarəti altında olduğu bölgələrdə ard-arda erməni təxribatları baş verməkdədir. Bəzi politoloqlar bu təxribatları bəzi siyasi proseslərlə, xüsusən də ötən gün İstanbulda baş tutan Türkdilli Dövlətlərin 8-ci Zirvə görüşü ilə əlaqələndirirlər.
Erməni təxribatına münasibət bildirən ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın türkdilli dövlətlərin birliyində aktiv iştirakı, Türkiyə ilə daha sıx münasibətlər qurması bəzi qlobal və regional güclərin xoşuna gəlmir.
O qeyd edib ki, bundan sonra da Qarabağda müəyyən təxribatların olacağı istisna deyil: “Son günlər bölgədə baş verən istənilən hadisələr bir-birilə bağlantılı şəkildə baş verir. Bunu da aydın şəkildə görmək və sezmək mümkündür. Ötən gün İstanbulda keçirilən Türkdilli dövlətlərin zirvə toplantısı və statusunun dəyişdirilərək, təşkilat adlandırılması bir çox hallarda inteqrasiya proseslərin sürətlənməsi üçün əsas yaradıb. Təbii ki, baş verən bu siyasi proseslər heç də digər bölgə dövlətlərinin xoşuna gəlmir, əsasən də Rusiyanın. Ona görə də Qarabağda işğaldan azad olunmuş torpaqlarımızda, Xankəndində, Kəlbəcərdə və Azərbaycan-Ermənistan sərhəddində ermənilər bu cür təxribatlara əl atırlar. Ona görə də bu təxribatların arxasında qlobal və regional güclərin birbaşa əlaqəsinin olması istisna deyil. Çünki belə bir təxribatlarla Azərbaycanı daim gərginlik içində saxlamağı istəyən qüvvələr var”.
Aynurə Demokrat.az


