Gündəm

Şuşanın işğaldan azad edildiyi gündür

Şuşanın işğaldan azad edildiyi gündür

Bu gün Azərbaycanın, o cümədən Qarabağın incisi, tarixin ən möhtəşəm şəhərlərindən biri sayılan Şuşanın azad olunmasından bir il ötür.

İllərlə Şuşanın həsrəti ilə yaşayan, hər duasında, hər xoş anında Şuşada olmağı, İsa bulağının suyunu içib, Cıdır düzünün əsrarəngiz mənzərəsini seyr etməyi istəyən azərbaycanlıların müqəddəs arzusu məhz ötən ilin bu günü çin oldu. Vətənin bağrından zorla qoparılan Şuşa 28 il sonra azad edildi.

Şəhərin xalqımız üçün önəmi və dəyərini elə azad olunma xəbərini böyük qürur hissi ilə bizə çatdıran Ali Baş Komandan İlham Əliyevin sözləri bütün dünyaya nümayiş etdirdi:

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Bəli, 8 noyabr günü biz məhz Əziz Şuşamıza qayıtdıq. Çünki Azərbaycan xalqı üçün Şuşa bir şəhərdən daha artıq anlam təşkil edir. Hətta onu heç zaman görmədən böyüyən nəsillər belə Şuşanı öz əzizi hesab edib. Şuşa həsrəti illərlə ürəyimizdə, həyatımızda, evimizin bir küncündə, xeyrimizdə, şərimizdə bizim bir əzizimiz kimi yanımızda olub. Bu həsrət, bu niskil bizimlə birgə yaşayıb, bizimlə birgə var olub. Ona görə də, Şuşanın azadlığı bizə elə öz əzizimizi qaytarmış kimi sevinc bəxş etdi.

D
demokrat.az