“Rəcəb Tayyip Ərdoğan G-20 sammiti çərçivəsində əvvəlcə ABŞ prezidenti Co Baydenlə, daha sonra Fransa dövlət başçısı Emmanuel Makronla görüşdü. Bu göstərir ki, aparıcı dövlətlər Türkiyənin rolunu yüksək qiymətləndirirlər. Başa düşürlər ki, Türkiyə regionda və dünya siyasətində gücünü getdikcə artırmaqdadır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ dövlət başçısı Co Bayden və Fransa rəhbər Emmanuel Makronla görüşü barədə danışan diplomat görüşlərin Türkiyənin yüksələn nüfuzuna söykəndiyini qeyd edib:
“Türkiyə prezidentinin digər iki dövlət başçısı ilə görüşü də buna yönəlmişdi. Həmçinin, Türkiyə ilə ABŞ arasında hərbi məsələlər də müzakirə mövzusu idi. Məlum olduğu kimi, Türkiyə ABŞ-dan hərbi silahı ala bilməyəndə Rusiyaya müraciət etməli oldu ki, bu da ABŞ-ı narahat etdi. Ərdoğan Makronla görüşdən sonra Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiklərini bildirdi. Fransanın mövqeyi hər kəsə bəllidir. Bu baxımdan, Türkiyənin öz mövqeyini bildirməsi və bir sıra məsələləri müzakirəyə daşıması vacib idi. Şübhəsiz, Türkiyə dövlət başçısı Makronla görüşdə bunu açıq şəkildə bildirib. Düşünmürəm ki, bu görüşlərdən sonra münasibətlər radikal şəkildə dəyişsin. Ölkələrin yüksək münasibətlər quracağını demək olmaz, amma ortada qarşılıqlı anlaşma var. Dövlət rəhbərləri bir-birlərini dinlədilər və mövqelərini açıq bəyan etdilər. ABŞ və Fransa isə qəti nəticə çıxarmalıdır. Türkiyə prezidentinin də dediyi kimi, dünya beşdən ibarət deyil. Artıq bir çox dövlətlərin aparıcı rol oynamağa imkanı var. Artıq aparıcı dövlətlər, o cümlədən ABŞ və Fransa da bununla barışmalıdır”.
Politoloq görüşlərin Cənubi Qafqaza, o cümlədən Qarabağla bağlı proseslərə mümkün təsirinə də toxunub:
“Hər bir dövlətin, ABŞ və Fransanın da siyasi maraqları və regionla bağlı mövqeləri var. Fransanın öz mövqeyindən tam şəkildə imtina edəcəyini gözləmək olmaz, lakin mövcud reallıqları nəzərə alacaq. Fransa bu reallıqlarla hesablaşmağa məcbur olacaq. Fransa Türkiyənin apardığı siyasətin nəticələri ilə barışmalı olacaq, çünki onun başqa çıxış yolu yoxdur. Ortada Türkiyə amili var və Türkiyə proseslərin mərkəzindədir. Türkiyə açıq şəkildə Azərbaycanı dəstəkləyən və yanında olduğunu bəyan edən qüvvədir. Fransa Ermənistanı dəstəksə də, gəlin qəbul edək ki, bu dəstək artıq ritorik xarakter daşıyır. Fransanın ermənipərəst mövqeyi bəyanatlardan o tərəfə keçmir. Fransa erməniləri dəstəklədiyini bildirir, statustan danışır, bəyanatlar verir, amma bunlar hamısı sözdə qalır. Əsas məsələ isə odur ki, regionda aparıcı qüvvə Fransa deyil və Fransa özü də bunun fərqindədir. Regionda real oyunçular var. Fransa rəhbərliyi bunu başa düşməsinə baxmayaraq, erməni mövqeyindən çıxış etməyə bir növ məcburdur. Çünki Fransadakı erməni təsiri, lobbisi amili var. Bu baxımdan, regionda əsas aparıcı qüvvələr bəllidir və kənar amillər bunu qəbul edir. Bu baxımdan, proseslərdə ABŞ və Fransanın ciddi maneəsinin olacağını düşünmürəm”.
Aygül Qarayeva Demokrat.az


