Gündəm

“Ermənistanın bu varianta qarşı çıxacağına əminəm” — Keçmiş nazir

“Ermənistanın bu varianta qarşı çıxacağına əminəm” — Keçmiş nazir

“Bizdə delimitasiya və demarkasiya prosesi ilə bağlı yanlış təsəvvür formalaşıb. Bu prosesə başlamaq üçün ilk növbədə Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüklərini tanımalıdır. Hətta bu prosedurlar reallaşdıqdan sonra belə ortaya növbəti bir problem çıxır. Sərhədlərin demarkasiya və demilitasiya prosesi neçənci illərin xəritələri əsasında təyin ediləcək?”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Politoloq qeyd edib ki, bu prosesin başlanması üçün ilk olaraq tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması lazımdır:

“Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Lakin bunun problemin həlli olduğunu düşünə bilmərik, çünki Ermənistan tərəfinin iddialarının bununla bitəcəyini düşünmürəm. Buna görə də, sülh müqaviləsi prosesində Ermənistanın üzərinə öhdəlik götürməsini tələb və təmin etməliyik. Yalnız bununla Ermənistanın sülh müqaviləsinin imzalanması prosesində və müqavilədən sonra mövqeyini yeniləməsinə mane ola bilərik”.

Politoloq sərhədlərin delimitasiyası və demarkasiyası prosesində üç tərəfin iştirakı ilə danışıqların aparıldığını bildirib:

“Sərhədlərin demarkasiya və delimitasiyası prosesinin hansı xəritələr əsasında həyata keçirilməsi müzakirə olunur və müzakirələrin davam edəcəyi gözlənilir. Bu, tərəflər üçün problemli məsələdir. Ümumiyyətlə, bu, texniki prosesdir. Bu istiqamətdə aparılan danışıqlar da texniki xarakter daşıyır.

Danışıqlarda xüsusi komissiya təşkil olunur və burada müxtəlif qurumların nümayəndələri iştirak edir. Bu nümayəndələr də demilitasiya və demarkasiya problemlərini həll etməklə məşğul olur. Sərhədlərin demarkasiya və delimitasiyası üçün 1920-ci il xərtələri əsas götürülsə, görəcəyik ki, həmin xəritələrdə Zəngəzur və Göyçə mahalının bir hissəsi məhz Azərbaycan ərazisidir. Hətta bu ərazilər 1929-cu ilə qədər Azərbaycana məxsus olub. Azərbaycan sərhədlərin bu xəritələr əsasında müəyyənləşməsini təklif edər, lakin belə olan halda bir sual ortaya çıxır, Ermənistan bu varianta razı olacaqmı? Düşünmürəm, əksinə buna qarşı çıxacaqlarına əminəm. Bu baxımdan, bu məsələdə bir çox problemlər var və davam edəcək. Üçtərəfli işçi qrupunun müzakirəsindən çox şey asılı olacaq”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az