“44 günlük Vətən müharibəsi Azərbaycan tərəfindən mərkəzdən planlı şəkildə idarə olunan savaş idi. Digər yaşayış məntəqələri kimi, Qubadlının işğaldan azad edilməsi də bu planın tərkib hissəsi oldu. Füzuli, Cəbrayıl və Zəngilandan sonra Ermənistanla dövlət sərhədində yerləşən Qubadlı şəhərinin işğaldan azad edilməsi məhz planın növbəti mərhələsinin reallaşdırılması oldu”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı danışarkən bildirib.
Ekspert qeyd edib ki, Qubadlının işğaldan azad olunduğu zaman Azərbaycanın hücumlarına tab gətirməyən düşmən mütəşəkkil müdafiə qura bilmədiyindən mübarizə aparmaqda çətinlik çəkirdi:
“Belə bir şəraitdə uğurlu əməliyyat aparan Azərbaycan Qubadlının işğaldan azad olunmasına nail oldu. Qubadlı relyef baxımından dağlıq ərazidə yerləşən şəhərdir və Ermənistanla sərhəddir. Qubadlının işğaldan azad olunması Laçından keçən yol şəbəkələrinə tamamilə nəzarət etməyə imkan verdi. Qubadlının işğaldan azad olunmasının taktiki və strateji əhəmiyyəti budursa, mənəvi-psixoloji əhəmiyyəti daha çoxdur. Müharibə gedişində ordumuzun şəxsi heyətinin psixoloji vəziyyətinin yaxşı olması qarşıya qoyulan tapşırıqları yerinə yetirilməsində vacib rol oynayır. Bir aya qədər müharibə aparan Azərbaycan ordusu müəyyən təcrübə qazanmışdı və bu təcrübə gələcək dövr üçün müharibənin uğurla davam etdirilməsində vacib amil idi.
Qubadlıda bütün düşmən hədəfləri atəş altında saxlanılırdı və məhv edilirdi. Qubadlıdan sonra isə ordumuzun Şuşa istiqamətində irəliləməsi üçün şərait yaranmışdı. Ali Baş Komandan tərəfindən aparılan bu hərbi əməliyyat da düşmən üçün gözlənilməz oldu. Taktiki baxımdan düşünülmüş və düzgün seçilmiş əməliyyat kimi tarixə düşdü. Qubadlı istiqamətində gedən döyüşlərdə məhz müharibənin nəticəsi görünməyə başladı. Qubadlının işğaldan azad olunması düşmənin diz çökməsi və üçtərəfli bəyanata razılaşması üçün şəraiti ortaya çıxardı”.
Aygül Qarayeva Demokrat.az


