“Zəngəzur dəhlizinin açılması ilə bağlı format öncədən yaradılan formatdır. Üç ölkənin - Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirləri vaxtaşırı görüşərək, bir sıra məsələləri müzakirə edirlər. Bu müzakirələrdə nəqliyyat dəhlizi məsələsi ilk yeri tutur, lakin digər məsələlərin də müzakirəsi istisna edilmir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında diplomat, politoloq Fikrət Sadıqov bildirib.
Zəngəzur dəhlizinin açılması məsələsinin həlli ilə bağlı danışan müsahibimiz qeyd edib ki, üçtərəfli işçi qrupunun Moskvadakı görüşü nəqliyyat dəhlizinin həlli istiqamətində növbəti addımdır:
“Üçtərəfli işçi qrupu bir müddətdir fəaliyyətini bərpa edib. Düşünürəm ki, üçtərəfli işçi qrupunun gündəliyindəki əsas məsələ Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Son zamanlar Ermənistandan mülayim bəyanatlar eşidirik. Bu, Paşinyanın növbəti oyunu, Ermənistanın ikiüzlülüyü deyilsə, proseslərdə ciddi mərhələnin başladığını deyə bilərik. İrəvan da anladı ki, dəhliz açılsa, bu, Ermənistanın xeyrinə olacaq və Zəngəzur dəhlizinin açılması zərurətdir. Dəhliz təkcə Ermənistanın yox, Rusiya, Azərbaycan və Türkiyənin maraqlarına uyğundur”.
Politoloq hesab edir ki, Azərbaycan bu məsələdə kifayət qədər prinsipial mövqe nümayiş etdirir:
“Düşünürəm ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı könüllü şəkildə real addımlar atmasa, biz onu buna məcbur edəcəyik. 10 noyabr bəyanatını imzalayan hər üç dövlət prosesdə real addımlar atmalıdır. Bu, üçtərəfli bəyanatda yer alan əsas maddələrdəndir. Üçtərəfli bəyanata imza atan hər üç dövlət zəruri addımların əhəmiyyətini anlamalı idi. Düşünürəm ki, əvvəldən açıqlanan formatda Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən də qəbul ediləcək. Ermənistan bu məsələdə üzərinə düşən öhdəlikdən yayınsa, müxtəlif yollarla məcbur edilə bilər”.
Aygül Qarayeva Demokrat.az


