Politoloq Şəbnəm Həsənovanın “Azərbaycan-Fransa Əlaqələrində Təmkinli Optimizm: Bakıdan baxış bucağı” sərlövhəli məqaləsi ABŞ-ın “Jamestoun” Qlobal Tədqiqat və Təhlil Fondu (The Jamestown Foundation-Global Research & Analysis) tərəfindən nəşr olunub.
Demokrat.az xəbər verir ki, məqaləni ilkin olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 28 sentyabr 2021-ci il tarixində Fransanın “France-24” televiziya kanalına verdiyi müsahibədə iki ölkə arasında ikitərəfli münasibətlərin həm cari, həm də gələcək perspektivləri vurğulamasını əks etdirən fikirlərlə açan müəllif bildirir ki, müsahibə Fransa ilə yaxın münasibətlərdə olan Ermənistana da bir siqnal göndərilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Politoloq bildirir ki, əslində, Azərbaycan-Fransa münasibətləri uzun illərdir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə yanaşı, bir çox digər istiqamətlərə də yönəlib. İkitərəfli iqtisadi, ticarət və infrastruktur layihələri davam edərkən, ən əhəmiyyətli iş mədəniyyət sahəsində əldə edildi. Politoloq burada xüsusilə Ümummilli lider Heydər Əliyev irsinə istinad edərək diqqətə çatdırır ki, 2007-ci ildən etibarən, Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyətlər mübadiləsi çərçivəsində Fransada qədim ümumbəşəri abidələrin bərpası işləri həyata keçirilmiş, Fransa və Azərbaycan şəhərləri arasında bir çox qardaşlıq və dostluq müqavilələri imzalanmışdır. Bütün bu addımlar Azərbaycanın zəngin mədəni irsinin nümayişi ilə yanaşı dövlətimizin dünya və birbaşa Fransanın mədəniyyət və incəsənət nümunələri, tarixi abidələrinə nə qədər önəm verdiyinin göstəricisidir. Azərbaycan bunun qarşılığında adekvat addım gözləyir. Buna baxmayaraq, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində maddi, mədəni və tarixi irsin məhv edilməsi və saxtalaşdırılması qarşısında Parisin səssiz qaldığı nəzərə çatdırılır. Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvlərinin Ağdam şəhərinə səfəri zamanı işğaldan azad edilmiş əraziləri gördükdə şoka düşdükləri faktı da vurğulanır.
Şəbnəm Həsənova sonda bir daha cənab Prezident İlham Əliyevin nitqinə istinad edərək bildirir ki, Azərbaycan gələcəyə baxır və İrəvandakı hökumətlə dialoqa başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Azərbaycan müharibə istəməsə də, Ermənistandakı hər hansı revanşist meyllərə qarşı müqavimət göstərəcək. Dövlət başçımızın fikirlərinə diqqət çəkərək bildirilir ki, Azərbaycan xoşagəlməz ritorikanın üzərində dayanmaq istəmir, dünyanın aparıcı ölkələrindən biri olan Fransa ilə normal münasibətlər qurmaq istəyir və əməkdaşlığı davam etdirmək üçün hər zaman açıqdır, Fransanın da regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzuladığına ümid edir.
Aygül Qarayeva Demokrat.az


