“Regionda formalaşan vəziyyət yeni reallıqlar yaradıb və bu reallıqlar çərçivəsində regionun müstəqil aktorlarının hər birinin azad qərar qəbul etmək səlahiyyəti var. Lakin bu fəaliyyət dövlətlərarası münasibətlər çərçivəsində həyata keçiriləndə, daha düzgün olur. İran-Azərbaycan münasibətləri konteksində İranın Ermənistanla yeni dəhliz yaratması nə İran, nə də Azərbaycan ictimai rəyi tərəfindən düzgün hesab olunmayan ehtimaldır. Bu, xalqlarımızın maraqlarına cavab verməyən addım kimi səciyyələndirilə bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
İranın Ermənistanla birlikdə Zəngəzur dəhlizinə alternativ yaratmaq istəməsi barədə danışan deputat qeyd edib ki, bu, region üçün effektiv rol oynaya bilməz:
“Əslində, “Qafqaz dəhlizi” adlandırılan dəhliz heç vaxt effektiv rol oynaya bilməz. Həm relyef və coğrafiya baxımından, həm də məntəqələrarası marşrutun uzunluğu və qeyri-rentabelli olması baxımından yeni dəhliz heç bir tərəfə yaxşı perspektiv vəd etməz. İranın Ermənistanla birlikdə yaratmağa çalışdığı alternativ dəhliz regional kommunikasiya rolunu oynaya bilməz. Bu baxımdan düşünürəm ki, perspektivi olmayan, real, səmərəli kommunikasiya xətti kimi səciyyələndirilə bilməyən dəhliz haqqında iki dövlətin açıq şəkildə çıxışlar etməsi doğru addım olmaz.
İran vətəndaşlarının böyük bir qismi azərbaycanlılardır. İranla Azərbaycan arasında tarixi münasibətlər var. Bu baxımdan, indiki vəziyyətdə İranın uzun müddət Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı bu münasibəti nə İran, nə də Azərbaycan ictimaiyyəti tərəfindən izah edilə bilən və ya başa düşülən deyil. İran rəsmiləri bütün bunları nəzərə alaraq addımlar atmalı, qərar qəbul etməlidirlər. Uzun müddət islam dəyərlərinə zərbə vuran, vandal aktları törədən ölkə ilə bu şəkildə açıq münasibət qurması İranın öz imicinə zərbədir”.
Aygül Qarayeva Demokrat.az


