Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Heydər Zeynalov saxlanıb.
Xezerxeber.az-ın məlumatına görə, polis əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirən zaman oradan aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş, hündürlüyü 3 metr 50 santimetrədək, çəkisi 116 kiloqramdan artıq olan 39 ədəd çətənə bitkisi və 5 kiloqramdan artıq marixuana aşkar ediblər. Saxlanan şəxs əməlini etiraf etməklə yanaşı, narkotik bitkilərin aludəçisi olduğunu da gizlətməyib.
Narkotik yetişdirən daha üç nəfər isə Kür çayının sahilində saxlanıb. Salyan Rayon Polis Şöbəsinə Kür çayının Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kəndin sakinləri - Müşfiq Dadaşov və Zaman Süleymanov çətənə bitkilərinə qulluq edən zaman "iş başında" saxlanıblar. Həmin əraziyə keçirilən baxış zamanı 4 kiloqramdan artıq marixuana və 39 ədəd çətənə kolu aşkar olunub.
Şöbə əməkdaşları tərəfindən Kür çayının sahilində keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan Kürqaraqaşlı kənd sakini Kamal Zeynalov da saxlanıb. Onun tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd çətənə kolu aşkarlanıb.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Əlsafa Hüseynovu saxlayıblar. Həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 60 kiloqrama yaxın yaş vəziyyətdə çətənə bitkisi və ümumi çəkisi 7 kiloqramdan çox olan marixuana aşkar olunub.
Bundan başqa, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zahid Tahirov da saxlanıb. Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman 22 ədəd kibrit qutusunda marixuana, 42 ədəd bükümdə heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Bütün faktlarla bağlı rayon polis şöbələrində istintaq aparılır, cinayət işi başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


