Gündəm

Elman Nəsirov: "Xankəndidə yaşayan 25 min erməni Azərbaycan vətəndaşlarıdır"

Elman Nəsirov: Xankəndidə yaşayan 25 min erməni Azərbaycan vətəndaşlarıdır

“Azərbaycan dövləti 9 noyabr və 11 yanvar sənədlərindən irəli gələn öhdəliklərin icrası ilə bağlı bütün addımları atır. Təəssüf ki, Ermənistana münasibətdə eyni yanaşmanı söyləmək mümkün deyil. Onlar yenə də öz köhnə ampluasındadırlar. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə yeni formalaşdırdığı hökumətin 5 illik fəaliyyəti ilə bağlı proqramda revanşizmdən irəli gələn mövqe ortaya qoyub”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Deputat qeyd edib ki, Paşinyanın ziddiyyətli açıqlamalar verir, çıxışlarında keçmiş separatçı qurumla bağlı fikirlər səsləndirir:

“Paşinyan yenə də qondarma separatçı qurumun adını çəkir, Dağlıq Qarabağ xalqından bəhs edir. O, Ermənistanın Qarabağdakı separatçı qurumlarla münasibətlərinin yeni formatından danışır. Ancaq unudur ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, status söhbəti daha yoxdur, olmayacaq, bu məsələ birdəfəlik həll olundu. İkincisi, Dağlıq Qarabağ ifadəsi yoxdur, Qarabağ İqtisadi Rayonudur. Eyni zamanda Dağlıq Qarabağ xalqı yoxdur, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır.

Xankəndidə yaşayan 25 min nəfər erməni isə Azərbaycan vətəndaşlarıdır. Onların cəmiyyətə inteqrasiyası da yaxın gələcəyin mövzusudur”.

Deputat, Azərbaycanın müharibədən sonra yaranan reallıqlar fonunda da öz öhdəliklərini yerinə yetirdiyini vurğulayıb:

“Azərbaycanın 1600 erməni leşini qarşı tərəfə qaytardı, lakin I Qarabağ savaşında əsir, girov götürülən 4 min azərbaycanlı haqqında İrəvanın hələ də heç bir məlumat yoxdur. Ümumiyyətlə, geridə qalan müddət ərzində həmin azərbaycanlılarla bağlı heç bir məlumat mübadiləsi aparılmayıb. Buna baxmayaraq, Ermənistan hamının hamıya prinsipi əsasında əsirlərin geri qaytarılmasından bəhs edir. Bununla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, beynəlxalq ictimai fikirin gözünə kül üfürmək istəyir. Reallıqda isə üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmir. Ermənistan tərəfi bütün bu əməllərinə görə cavabdehlik daşıyır. Azərbaycan ermənilərin Qarabağa vurduğu ziyanın ödənilməsi ilə yanaşı, 4 min azərbaycanlının taleyi ilə bağlı məsələni də beynəlxalq məhkəmələrdə müzakirə predmetinə çevirmək niyyətindədir. Yaxşı olardı ki, Ermənistan Azərbaycanın bu addımını gözləmədən, öz üzərinə düşən öhdəlikləri yerin yetirsin. Əks halda, hadisələr Ermənistan üçün daha mürəkkəb şəkildə irəliləyə bilər. Azərbaycan əməkdaşlıqda, regionda yeni kommunikasiyaların açılmasında, davamlı sülhün bərqərar olmasında maraqlıdır. Ermənistan tərəfindən bunun əksi istiqamətində addımların atılması ağır nəticələrlə bitə bilər”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az