Gündəm

Ukraynada hərbçi qadın soydaşımız: "Qadınların hərbçi olmaq üçün daha üstün keyfiyyətləri var"

Ukraynada hərbçi qadın soydaşımız: Qadınların hərbçi olmaq üçün daha üstün keyfiyyətləri var

Qadın hərbçi. Ukraynada yaşayan həmvətənimiz Sofiya Qurbanovanın peşəkar hərbçi olmaq istəyi onun heykəltəraşlıq arzusundan daha üstün oldu. Uşaqlıq yaşlarından çox vaxtını atası Ukraynanın xalq rəssamı, tanınmış heykəltəraş soydaşımız Seyfəddin Qurbanovun emalatxanasında keçirib. Sonralar atasının cəhdlərinə baxmayaraq Sofiya yolundan çəkinmədi. Sofiya Qurbanova Xarkov dövlət Rəssamlıq Akademiyasının məzunu olsa da, o sonda əli silahlı qadın obrazını yarada bildi.

Onun bu istəyi AZƏRTAC-ın suallarını cavablandırarkən də açıq-aydın hiss olunurdu. 22 yaşlı kiçik leytenant soydaşımız iyulun sonlarında 114 kişi hərbçisi arasında yeganə qadın olaraq Xarkovda Ukrayna Milli Qvardiyasına daxil olmaq üçün hərbi and içdi.

“Uşaqlıqda daha çox tarixi, müharibə mövzusunda olan filmlərə baxırdım”

Milli adət-ənənələrimizi özündə qoruyub saxlayan Sofiya söhbətində uşaqlıqdan müharibə mövzusuna üstünlük verdiyini söylədi. “İkinci Dünya Müharibəsinə aid filmlərə baxmaq gündəlik işimə çevrilmişdi. Stalin, Hitler və digər hərb adamları haqqında sənədli filmlərə baxırdım, onlar haqqında mütaliə edirdim. Böyüdükdən sonra hiss etdim ki, hərbi forma geyinmək, əlimdə silah tutmaq istəyim olduqca böyükdür”, deyə Qurbanova əlavə edib.

Hərbçi həmvətənimiz seçdiyi yolun məsuliyyətini dərk etdiyini və bu yolda ailəsinin dayağını hiss etdiyini vurğuladı: “İlk öncə atam mənim heykəltəraş olmağımı istəsə də, sonradan seçimimə hörmətlə yanaşdı. Bu gün valideynlərimin dəstəyini hər an hiss edirəm. Atam mənim yeni həyatımı maraqla izləyir, hərbçi qadın kimi istəyimə hörmətlə yanaşır”.

“Azərbaycanda hərbçi qadınlar da az deyil”

Sofiya Qurbanova bildirir ki, dünyanın hər yerində qadın hərbçi nadir hal deyil, əksinə yeni bir tendensiyadır. Məsələn, Avropada və İsraildə qadın polislər və hərbçilər çoxdur: “Qadınların hərbçi olmaq istəyi Azərbaycanda da yeni deyil, populyardır. Azərbaycanda hərbçi qadınlar da az deyil. Azərbaycan “qız uşağından hərbçi olmaz” psixoloji baryerini çoxdan aşa bilib. Yeri gəlmişkən, Azərbaycanda olan qadın həmkarlarıma seçdikləri şərəfli və çətin peşələrində uğurlar arzulayıram”.

Onun sözlərinə görə, səbr və mühitə tez uyğunlaşmaq, güclü müşahidə etmə bacarığı qadınların hərbi sahədə daha üstün keyfiyyətləridir. Mən hərbçi qadın olduğum üçün özümü şanslı sayıram.

Demokrat.az

D
demokrat.az