Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etdi. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib. 
“İndiki mərhələdə Azərbaycan BMT-dən sonra təsisastına görə dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının tarixində ən yadda qalan dövr kimi qiymətləndirilə bilər. Bunun əyani sübutu təşkilatın üzv ölkələrinin Azərbaycanı nəzərdə tutulandan 1 il artıq sədrlik etməsi üçün yekdilliklə dəstək olmaları və bunun üçün Azərbaycana minnətdarlıq ifadə etmələridir. Azərbaycan həm BMT, həm Qoşulmama Hərəkatı, həm də digər beynəlxalq təşkilatlarla yeni əlaqələr, əməkdaşlıq platformaları axtaran ölkədir. Yeni geosiyasi reallıqlara uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq münasibətlər sistemində də yeni mərhələ başlayır. Bu mərhələnin təşəbbüskarı Azərbaycandır”. 
“Bir neçə gün əvvəl Prezident İlham Əliyev BMT-nin yeni rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul etdi və görüşdə Azərbaycanla BMT arasında yeni əməkdaşlıqların həyata keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Prezident bu görüşdə də qeyd etdi ki, indiki mərhələdə BMT Ermənistanın mina xəritələrini Azərbaycana verməsi ilə bağlı öz təsir gücündən istifadə edə bilər. 
“Azərbaycanın xarici siyasət strategiyası tərəfdaşlığa, bir sıra ölkələrlə əməkdaşlığa və beynəlxalq hüquq normalarına hörmətə söykənir. Azərbaycan müharibədən sonrakı dövrdə də beynəlxalq təşkilatlarla münasibətlərinin inkişafı istiqamətində addımlar atır”. 
O, Azərbaycanın regionda strateji layihələr həyata keçirməsinin və uğurlu tərəfdaşlıqlarının bölgədə sülhün təminatında vacib rol oynadığını bildirib:
“Təəssüflər olsun ki, çox hallarda beynəlxalq təşkilatların ikili standarlarının şahidi olmuşuq, 30 ilə qədər müddətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilməyib. ATƏT-in Minsk qrupu isə yalnız bölgəyə turizm səfərləri etməklə məşğul olub. Azərbaycan Minsk qrupunun işini özü gördü və münaqişəni qələbə ilə başa çatdırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan yenə də bölgədə tərəfdaşlığı, strateji layihələri həyata keçirməkdə davam edir. Bu siyasət Azərbaycana hər zaman hörmət qazandırıb. 
Aygül Qarayeva Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


