Siyasət

"Minsk qrupu tərəfsizlik prinsipini pozduğunu növbəti dəfə göstərdi" — Deputat

Minsk qrupu tərəfsizlik prinsipini pozduğunu növbəti dəfə göstərdi — Deputat

“BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edən Prezident İlham Əliyev görüşdə bir sıra maraqlı məqamlara toxundu. Dövlət başçısı hər zaman olduğu kimi qətiyyətli mövqeyini ortaya qoydu, açıq mesajlar verdi. Bununla da, dövlət başçısı həm BMT-nin rezident əlaqələndiricisinə, həm də hazırkı proseslərdə maraqlı olan qüvvələrə fikirlərini çatdırdı”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Vüqar İskəndərov bildirib. Deputat qeyd edib ki, dövlət başçısı ATƏT-in Minsk qrupunun münaqişə ilə bağlı lazımi addımlar atmamasına və Azərbaycanın öz gücü ilə beynəlxalq ədaləti bərpa etməsinə toxunub: “Prezident Azərbaycanın 44 günlük müharibədə parlaq qələbə qazandığını bildirərək, Dağlıq Qarabağ münaqişəsi ifadəsinin tarixə qovuşduğunu vurğuladı. Bu zəfərlə Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini özü yerinə yetirdi. Biz bu qətnamələri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq reallaşdırdıq və beynəlxalq ədaləti bərpa etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Biz bütün beynəlxalq alətlərdən istifadə edərək, ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan geridə qalan 28 il müddətdə beynəlxalq hüquqa riayət edib, təmkinli davranıb və münaqişənin sülh yolu ilə həll edilməsi üçün səbr göstərib.Prezidentin də vurğuladığı kimi, qətnamələrin həyata keçirilməsində ilk növbədə ATƏT-in Minsk qrupu maraqlı tərəf olmalı idi. Lakin bu qurum nəinki lazım olan addımları atdı, hətta işğalçı ilə işğal olunan tərəfə eyni yanaşmanı həyata keçirdi”.

Minsk qrupu tərəfsizlik prinsipini pozduğunu növbəti dəfə göstərdi — Deputat
V.İskəndərov əlavə edib ki, Minsk qrupunun fəaliyyəti daha çox həmsədrlərin turist səfərləri ilə yadda qalıb:

"Bununla da, ATƏT-in Minsk qrupu tərəfsizlik prinsipini pozduğunu növbəti dəfə göstərdi və bunu bu illər boyu davam etdirdi. Minsk qrupunun bu cür addımları ilə Ermənistanın status-kvonu saxlamaq planlarına dəstək vermiş oldu. Prezident belə vacib məqamlara toxunaraq, reallığın necə olduğunu növbəti dəfə göstərdi”. Deputat bildirib ki, dövlət başçısı Azərbaycanın yaratdığı siyasi reallığın həm bölgənin, həm də digər dövlətlərin inkişafı üçün əsas olduğunu, BMT-nin də sonrakı fəaliyyətində beynəlxalq ədalətin bərpası üçün daha qətiyyətli mövqe yaratmasının vacibliyini xüsusi vurğulayıb: “Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlətdən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Təəssüf ki, bu qurum 28 il ərzində əlində olan imkanları boşa verdi. Post-münaqişə dövründə Azərbaycanın yaratdığı siyasi mənzərə böyük ərazini əhatə edir. Artıq münaqişə bitib, bölgədə belə bir problem yoxdur. Azərbaycan artıq irəli baxır. BMT-nin də bundan sonrakı fəaliyyətində daha doğru mövqe tutması, verdiyi qərarlara hüquqi cəhətdən sahib çıxması əhəmiyyətlidir. Dövlət başçısı, təkcə ölkəmizin maraqları ilə bağlı deyil, həm də beynəlxalq münasibətlərdə, mövcud reallıqlarda BMT-nin fəaliyyətində daha qətiyyətli olmasının, beynəlxalq ədalətin bərpasında vacib rol oynayan təşkilatlardan birinə çevrilməsinin əhəmiyyətini dünya ictimaiyyətinə çatdırdı”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az