"Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda Vardenis rayonu deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək Vardenis qoymuşdur”.
Bu fikirləri Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı “Zod aşırımı” deyilən məkanda bildirmişdi. Təbii ki, məkan və çəkiliş üçün fonda görsənən “Zod aşırımı” sözləri yazılmış tablo təsadüfi seçilməmişdi. Çünki Zod, Göyçə mahalı Basarkeçər rayonunun ən böyük kəndlərindən biri idi. Və məhz bu kənddə ermənilər hələ Sovetlər dönəmindən Kəlbəcərin qızılını çıxardırdılar. Sözüm bunda deyil. Sözüm illərdir Göyçə, Basarkeçər və bu ərazilərdə olan toponimlərə olan münasibətdən gedir.
Mənim doğum haqqında şəhadətnaməmi valideyinlərim Basarkeçər (Vardenis) rayonundan alıblar. 1972-ci ildə oktyabrın 12-də. Doğum şəhadətnaməsində doğulduğum məkan rəsmi erməni və rus dillərində Vardenis rayonu, Torfavan kəndi yazılıb. Amma həmən rəsmi şriftlə yazılan mətnin üstündə mürəkkəblə əlnən Göyçə mahalı Basarkeçər rayonu Qanlı kəndi də yazılıb. Bu yazını rəhmətlik atam mənim doğum şəhadətnaməmi alanda özü yazıb. Hələ üstəlik doğulduğum vaxtı, saat və dəqiqələrlə qeyd edib. Bunu niyə yazdığını uşaq vaxtı atamdan soruşmuşdum. O da bildirmişdi ki, oğul, bizim mahalın adı Göyçədir, rayonumuzun adı Basarkeçər, kəndimizin də adı Qanlıdır. Bu Vardenis, Torfavan adlarını ermənilər sonra qoydular.
Hələ kəndin adını Qanlıdan sonra Qamışlı qoydular. Gördülər bu da azərbaycanlı sözüdür, dəyişib Torfavan etdilər. Yazdım ki, böyüyəndə biləsən harda doğulduğunu. Və övladlarına da deyəsən ki, yaddan çıxmasın. O gündən bu yana məndən harada doğulduğumu soruşanda (dünyanın çox ölkələrində olmuşam. Hər yerdə də bu cür demişəm) Göyçə mahalının Basarkeçər rayonu, Qanlı kəndi deyirəm. 1988-ci ildə Göyçə mahalından Azərbaycana qaçqın düşəndə və Bakıda ilk pasportumu, sonra şəxsiyyət vəsiqəmi, xarici pasportumu alanda dəfələrlə qeydiyyat şöbəsində qırğın, dava salmışam ki, mənim doğulduğum yerin adını Göyçə mahalı, Basarkeçər rayonu Qanlı kəndi yazın. Amma nə qədər mübarizə aparsam da, izah etsəm də xeyri olmayıb. Doğum şəhadətnaməmdə bu cürdür məntiqi ilə ermənilərin yazdığı kimi Vardenis rayonu Torfavan kəndi qeyd edildi.
“Haqq nazilər, amma üzülməz” məsələ burda deyilib. Prezidentin Kəlbəcərdə çıxışından və mətbuata, cəmiyyətə müraciətindən sonra bəlkə bu məsələlərə daha ciddi diqqət yetiriləcək. Prezident İlham Əliyev dedi ki, “Xahiş edirəm, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə bizim ümumi leksikonumuzda Vardenis yox, Basarkeçər adı bərpa edilsin”.
Bəli, bərpa edilməlidir. Özü də tək reportajlarda yox, həm də rəsmi sənədlərdə. Mən öz şəxsiyyət vəsiqəmdə Vardenis yox, Basarkeçər, Torfavan yox Qanlı kənd yazılmasını istəyirəm.
Telejurnalist Şöhrət El-Dəniz Demokrat.az


